1 milyon əfqanıstanlı uşaq ölə bilər – HƏYƏCAN TƏBİLİ

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Əfqanıstanın əhalisinin (təxminən 39 milyon nəfər) yarısından çoxu – 22,8 milyon insan noyabr-mart aylarında “böhranlı” və ya “fövqəladə” ərzaq çatışmazlığı ilə üzləşəcək.

Bu barədə BMT-in xüsusi məruzəsində bildirilib.

Quraqlıq, silahlı münaqişə, pandemiya və iqtisadi böhran əfqanıstanlıların həyatına və onların qidaya olan çıxışına mənfi təsir edib.

Qeyd edilib ki, yaxınlaşmaqda olan qış ehtiyaclı ailələri humanitar yardımdan uzaq sala bilər.

Cari ilin aprel ayındakı statistika ilə müqayisədə, aclıq həddində yaşayan əfqanıstanlıların sayı 37% artıb.

Əgər təcili şəkildə lazımi yardımlar edilməsə, ilin sonunadək, 5 yaşdan aşağı olan təxminən 3,2 milyon uşaq kəskin aclıqdan zərər görə və onlardan 1 milyonu dünyasını dəyişə bilər.