ABŞ Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri azad etməyə çağırır

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək məsələri üzrə Bürosu Polad Aslanov da daxil olmaqla, Azərbaycanda həbsdə olan jurnalistləri azad etməyə çağırıb (Turan, 15 noyabr). Büronun yaydığı açıqlamada Aslanovun 2019-cu ilin iyun ayında İrana dini ziyarətin "asanlaşdırılması” ilə bağlı təhlükəsizlik işçilərinin qanunsuz biznesi barədə ifşaedici məqalələr dərc etdikdən sonra həbs olunduğunu və özünə qarşı yalan ifadə verməyə məcbur edildiyi, qapalı ona 17 il həbs cəzası istəndiyi bildirilir. Noyabrın 16-da keçiriləcək məhkəmə iclasında P.Aslanovun son söz deyəcəyi, hökmün də həmin gün elan olunacağı təxmin edilir. Hazırda Aslanovdan başqa Azərbaycan həbsxanalarında "Azel.tv”-nin qurucusu və redaktoru Əfqan Sadıqov, "kend.info" saytının rəhbəri Elçin İsmayıllı, "realliq.info" saytının rəhbəri İkram Rəhimov, "yukselis.info" saytın rəhbəri Elçin Məmməd və "nia.az" saytının redaktoru Bəhruz Əliyev də saxlanılır. Azərbaycan rəsmiləri jurnalistlərin peşə fəaliyyətlərinə görə təzyiqlərə məruz qaldıqlarını inkar edir və onların konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olundiğunu söyləyirlər.