ABŞ Hizbullah Hərəkatına qarşı yeni sanksiyalar tətbiq edib

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraq və Livanda altı şəxs və səkkiz şirkətə Hizbullah Hərəkatı ilə bağlı olduqlarını əsas gətirərək sanksiya tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi cümə axşamı günü Livandakı Hizbullah Hərəkatına qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
"Bu gün Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi Livanlı iş adamı və Hizbullahın maliyyəçisi Əhməd Cəlal Razi Abdullaya və onun beş əməkdaşına, Livan və İraqdakı səkkiz şirkətinə sanksiya tətbiq edib"-  deyə, ABŞ Maliyyə Nazirliyi bildirib.
ABŞ hökuməti Hizbullahın populyarlığını və Livandakı populyar bazasını azaltmağa çalışır. Buna görə də Vaşinqton Hizbullah Hərəkatını terrorçu elan etmək üçün Avropa ölkələrinə güclü təzyiq göstərib. Birləşmiş Ştatlar həmçinin Hizbullahla əlaqədə olduğu iddia edilən bir neçə Livan bankına və nüfuzlu şəxslərə sanksiya tətbiq edib.
Bu qərar Hizbullah Hərəkatının Livanın ən mühüm siyasi partiyalarından biri olmasına baxmayaraq verilib. ABŞ-ın Livandakı hərəkətləri siyasi ekspertlər və analitiklər tərəfindən dəfələrlə tənqid olunub və hesab edirlər ki, Hizbullah Livanda sülhün və sabitliyin qorunmasında, regionda terrorçu və ekstremist qruplarla mübarizədə mühüm rol oynayır.