Almaniya səfirlərin Türkiyədən çıxarılması ehtimalına sərt reaksiya verib

Almaniya siyasətçiləri, Prezident Rəcəb Tayyib Ərdoğanın Osman Kavalanın sərbəst buraxılmasını tələb edən 10 ölkə səfirinin persona non qrata (arzu olunmayan şəxs) elan edilməsi tələbinə, sərt reaksiya veriblər.

Bir çox almaniyalı siyasətçi həftəsonu verdiyi açıqlamalarda Türkiyəyə qarşı sanksiyalar tələb edib. "Səfirlər xaric edilsə, bütün Avropa İttifaqı ölkələri birgə hərəkət etməli və Ərdoğan və Türkiyəyə eyni şəkildə cavab verməlidir – deyə, hadisələri "görünməmiş xarici siyasi gərginlik" olaraq xarakterizə edən Federal Parlamentin Xarici Əlaqələr Komissiyasının sədri Norbert Röttgen bildirib. Sentyabrın 26-da keçirilən seçkilərdən sonra istefa verən Armin Laşetdən sonra Xristian Demokrat Birliyi (CDU) Partiyasının sədri seçilən Röttgen "Səfirlərin məhkəmə qərarı olmadan bir adamın həbs edilməsinə etiraz etməsi haqqlı və yerindədir. İnsan hüquqları yalnız bir ölkənin daxili işi deyil. Bu, NATO üzvü olan Türkiyəyə də aiddir", ifadələrini işlədib. Röttgen Prezident Ərdoğanın bu cür açıqlamalarla ölkəsini Avropa və Qərbdən tamamilə uzaqlaşdırdığını da qeyd edib.

Almaniyada qurulması gözlənilən koalisiya hökumətinin ortaqlarından olan Yaşıllar Partiyası Federal Parlament Qrupunun Xarici Siyasət sözçüsü Omid Nuripur da partiyasının qanunun aliliyi və demokratiyanın tapdalanmasını qəbul etməyəcəklərini bildirərək, "Ərdoğanın münasibəti qəbuledilməzdir və qarşılığında ona sanksiyalar tətbiq edilməlidir. Onunla bundan sonra da bu tonda danışmalı olacağıq" sözlərini ifadə edib.

"Ərdoğanın müxalifətə qarşı artan vicdansız münasibətinin qarşısı alınmalıdır. Beynəlxalq cavab verilməli və Türkiyəyə silah embarqosu tətbiq edilməlidir" – deyə, Bundestaq sədrinin müavini Klaudiya Rot sanksiyalara çağırış edib.

Yaşıllar Partiyasından önümüzdəki dövrdə yeni hökumətə xarici işlər naziri vəzifəsinə əsas namizəd kimi göstərilən Cem Özdemir, "Aİ və mütəffiqləri Kavalanın və bütün digər günahsız məhbusların sərbəst buraxılması üçün mübarizə aparmalıdır. Ortaq bir reaksiyaya ehtiyacımız var. Ankarada aşkar şəkildə başa düşüləcək olan Qərb demokratiyalarının ortaq reaksiyasına ehtiyac var" şərhini edib.

CDU/CSU Birlik Partiyaları Parlament Qrupu sədrinin müavini Yohan Vadephul Türkiyənin xarici işlər nazirliyinin Prezident Ərdoğanın göstərişinə əməl etməyəcəyinə ümid etdiyini bildirib. Vadepul Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun səfirlərin nazirliyə çağırılıb xəbərdarlıq edilməsilə başlayan prosesdə deportasiya qərarını həyata keçirəcəyi təqdirdə, bunun "ciddi diplomatik nəticələrə" səbəb olacağını ifadə edib. O, "Biz Almaniya-Türkiyə əlaqələrinin özəlliyinə və ortaqlığımıza çox önəm veririk. Ancaq beynəlxalq hüquq qaydalarına hörmət edilməlidir”, fikirlərini səsləndirib.

amerikaninsesi.