Almaniyadan deportasiya edildikdən sonra Azərbaycanda həbs edilən fəal Samir Aşurovun məhkəmə prosesi keçirilib

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və aprelin 19-da Bakıda həbs edilən Samir Aşurovun məhkəmə prosesi keçirilib.

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova Amerikanın Səsinə bildirib ki, məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb:

“Onun vəkili Elçin Sadıqov söylədi ki, Samir Aşurovun məhkəmə işinə aid sənədlər Baş Prokurorluqdadır, hələ də qaytarılmayıb. Həm də hakim Məhəmməd Əkbərov iştirak etmirdi, ona görə qeyri-müəyyən vaxta salındı”.

Samir Aşurovun həyat yoldaşının sözlərinə görə, o, məhkəmədən ədalətli qərar gözləmir.

“Hamı bilir ki, Samir siyasi fəaliyyətinə görə şərlənərək həbs olunub. Buna görə də nəinki Samir, heç kəs Samiri təqsirli hesab eləmir’’, deyə Nuranə Aşurova bildirib.

Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi - xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Bu ittihamla o, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar.

Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edir.