Andrey Rudenko: Sülhməramlıların sayının artırılması gündəmdə deyil

"Status məsələsi çox həssasdır"

Qarabağda rusiyalı sülhməramlıların sayının artması barədə məsələ hələ ki gündəmdə deyil.

Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko RİA Novosti agentliyinə danışıb.

Nazir müavini deyib ki, Rusiyalı sülhməramlıların sayı üç prezidentin bəyanatına uyğun müəyyənləşdirilib: “Hazırda belə bir məsələ qaldırılmayıb”.

Eyni zamanda, Andrey Rudenko status məsələsinə toxunub: “Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq”.

Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətinin mövcud olub-olmaması ilə bağlı suala cavabı isə nazir müavini belə cavab verib: “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır”.

Nəşr yazır ki, sülhməramlılar kontingenti çərçivəsində cəmi 1960 hərbi qulluqçu olacaq.

Rusiyalı sülhməramlılar Laçın dəhlizini və Dağlıq Qarabağda Stepanakertə qədər olan sahəni minadan təmizləyib.

Bu sahədə vətəndaşların avtomobil nəqliyyatı hərəkəti bərpa edilib. Stepanakertə 1,2 mindən artıq qaçqın qayıdıb.

Noyabrın 9-u Rusiya, Ermənistan və Azərbaycan liderləri birgə bəyanat qəbul edib.

Həmin bəyanata görə, noyabrın 10-dan etibarən Qarabağda müharibə dayandırılıb. Münaqişə tərəfləri tutduqları mövqelərdə qalıb.