Araik Arutunyan: "Biz geri çəkilməyə, bu sənədi imzalamağa məcbur idik"

Dağlıq Qarabağda erməni seperatçılarının lideri Araik Arutunyan müharibədə erməni tərəfinin niyə təslim olduğuna aydınlıq gətirmək məcburiyyətində qalıb. Bu barədə o, "Feysbuk" hesabında yayımladığı video-müraciətdə danışıb. 
 
Arutunyan Ermənistan ordusunun 7 noyabrda Şuşaya nəzarəti tam itirdiyini deyib. Onun sözlərinə görə, sonuncu gün Azərbaycan ordusu yenidən PUA-ları işə salıb və onların mövqelərinə ağır zərbələr vurub.  
 
"Biz hamımız, bütün idarəçilər belə bir problemimizin olduğunu deməyə məcburuq" - Arutunyan deyib və əlavə edib ki, dünən gecə baş vermiş hadisəni tarix qiymətləndirəcək, ancaq onlar buna getməyə məcbur olublar: "Döyüşlər artıq Stepanakertin (Xankəndinin -red.) kənarında, şəhərdən 2-3 kilometr məsafədə baş verirdi. Əgər hərbi əməliyyatlar bu tempdə davam etsəydi, biz bir neçə gün ərzində bütün Artsaxı (Dağlıq Qarabağ-red.) itirəcəkdik". 
 
Arutunyan çıxışında həmçinin PUA-ların erməni ordusuna böyük ziyan vurduğunu deyib və sual verib ki, Ermənistan ordusu niyə oxşar silahlar yaratmayıb? Arutunyanın sözlərinə görə, son onilliklər ərzində məsul vəzifələrdə çalışmış hər kəs buna görə cavab verəcək.