Artıq Şuşa və Ağdam məscidlərini ziyarət etmək mümkündür

Yanvarın 24-dən etibarən Şuşa və Ağdama sərnişin avtobusları ilə səfər etmək imkanı yaradılıb. Bu barədə APA xəbər verib.

Səfər çərçivəsində işğaldan azad edilmiş rayonların məscidlərini ziyarət etmək mümkün olacaq. Ziyarətçilər Şuşanın Yuxarı Gövhərağa məscidinə, Aşağı Gövhərağa məscidinə, həmçinin Ağdamın Cümə məscidinə, Qiyaslı məscidinə və Şəhidlər Xiyabanına baş çəkə biləcəklər.

Reyslər Bakı, Füzuli və Bərdədən həyata keçirilir. Bakı-Şuşa-Bakı istiqamətində bir biletin qiyməti 20,8 manat, Bakı-Ağdam-Bakı reysinin qiyməti isə 18,8 manat təşkil edir. Sərnişinlər bir gün ərzində səfərlərini başa vuracaq. Belə ki, hər bir şəhərdə ziyarət üçün 2,5 saat vaxt ayrılacaq, yol isə bir tərəfə təqribən 6 saat təşkil edir.

Biletləri yolumuzqarabaga.az saytından əldə etmək olar. Avtobuslar səhər saat 6:30-da yola düşür.

“Yolumuz Qarabağa” layihəsi işğaldan azad edilmiş ərazilərə səfərlərin təşkili ilə məşğuldur. İlkin olaraq Ağdama və Şuşaya səfərlər nəzərdə tutulub. Sözügedən rayonlara ilk sərnişin avtobusları bu gün, yanvarın 24-ü yola düşüb. Gələcəkdə digər rayonlara da reyslərin yaradılması planlaşdırılır.

 

Sirat.az