Avropa Məhkəməsinin ən çox qərar çıxardığı ölkələr açıqlandı

Azərbaycan 5 ölkədən biridir

Azərbaycan 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) haqqında ən çox qərar çıxardığı 5 ölkədən biri olub.

Avropa İnsan Haqları Məhkəməsinin yanvarın 28-də açıqlanan hesabatında yer alıb.

Aihmaz.org saytı hesabata istinadən bildirib ki, AİHM ötən il ümumilikdə 871 qərar qəbul edib: “Qərarlardan 37-si Azərbaycana qarşı çıxarılıb. Həmin 37 qərarında AİHM 91 pozuntunun yol verildiyi qənaətinə gəlib”.

“Azərbaycan ən çox azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnu pozub – 37 qərar üzrə ümumilkdə, 35 dəfə. 10 halda şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi hüququnun pozuntusunu tanıyıb”, - deyə sənəddə qeyd olunub.

AİHM qərarlarına görə, Azərbaycanda ən çox pozulan hüquq ədalətli məhkəmə araşdırması hüququdur.

AİHM qərarları üzrə azadlıq və toxunulmazlıq hüququ da ən çox müdaxiləyə məruz qalan hüquqlardandır – 78 işdə bu hüququn pozuntusu tanınıb.

AİHM indiyə kimi Azərbaycan qarşı işlərdə 38 işdə mülkiyyət, 37 işdə isə birləşmək, toplaşmaq hüququnun pozuntusunu tanıyıb.

Seçki hüququnun pozuntusuna görə, Azərbaycan Avropa Şurası məkanına daxil olan ölkələr arasında 1-cı sıradadır – Azərbaycanla bağlı 25 işdə bu hüququn pozuntusu tanınıb.

Hesabatda ötən il ən çox qərarın Rusiyaya (185), Türkiyəyə (97), Ukraynaya (86), Ruminiyaya (82) qarşı çıxarıldığı bildirilib. Azərbaycan 5-cidir.

Qərarlara görə, ən çox pozulan hüquq azadlıq və toxunulmazlıq (Maddə 5) və ədalətli məhkəmə araşdırması (Maddə 6) hüququdur. Təxminən, 500 işdə bu hüquqların pozuntusu tanınıb.

AİHM-nin ötən il Avstraiya, Lixtenşteyn, Lüksemburq və İsveçə qarşı qərar çıxarmadığı deyilir: “Andorra, Danimarka, Finlandiya, İrlandiya, Çexiyaya qarşı cəmi 1 qərar elan edilib. Azərbaycan Avropa Məhkəməsinə ən çox şikayət edilən 6 ölkədən biridir. Azərbaycan baxılmasını gözləyən şikayətlərin sayı baxımından, AŞ ölkələri arasında 6-cı pillədə dayanır. Azərbaycandan göndərilən 2 min şikayət baxılmasını gözləyir.

AIHM qarşısında baxılmasını gözləyən şikayətlərin sayına görə, Rusiya liderdir – baxılmasını gözləyən ümumi 61 min şikayətin 22.4 faizi (13650 şikayət) bu ölkənin payına düşür.

İkinci pillədə 11170 şikayətlə Türkiyə gəlir. 3-cü pillədəki Ukraynadan göndərilən 10 400, 4-cü pillədəki Rumıniyadan göndərilən 7550 şikayət baxılmasını gözləyir.

5-ci pillədə İtaliya gəlir - 3450 şikayət. Azərbaycan 6-cıdır. 6 ölkə AİHM-in iş yükünün 80 faizinə qədərini təşkil edir”.