Avropa Şurası Komitəsi Bakını 9 fəalın barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməyə çağırıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsi təkidlə Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin  qərarlarının tələb etdiyi kimi, hüquq müdafiəçilərinin və hökumətin tənqidçilərinin hüquqlarını dərhal bərpa etməyə çağırıb.

"Məmmədli Azərbaycana qarşı" işi üzrə Komitənin aralıq qətnaməsində deyilir ki, Avropa məhkəməsi bu qrupdan olan hər bir ərizəçinin barəsində Avropa Konvensiyasının 18-ci (siyasi motivlərə görə təqib) və 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələrinin pozulduğunu müəyyən edib. Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin təqib olunması üçün cinayət hüququnun tətbiqindən sui-istifadəyə yol verilib.

Komitə həmçinin Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədov, Rəsul Cəfərov, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovun reabilitasiyası və  qanunsuz həbs, azadlıqdan məhrumetmə nəticəsində onlara dəymiş mənəvi ziyana görə kompensasiya verilməsi barədə qərarlarını xatırladıb.

Nazirlər Komitəsi dəfələrlə çağırışına baxmayaraq, digər doqquz ərizəçinin barəsində ittiham hökmləri qüvvədə qalmasından dərin narahatlığını bildirib.

Komitə bir daha ərizəçilərin üzərindən məhkumluğun götürülməsinin, cinayət ittihamlarının bütün digər nəticələrinin aradan qaldırılmasının, onların mülki və siyasi hüquqlarının tam bərpa olunmasının vacibliyini bildirib.

Komitə təkidlə Azərbaycan hakimiyyətini ərizəçilərin barəsində bütün zəruri tədbirləri dərhal prioritet qaydada görməyə çağırıb.

Qeyd edək ki, "Anar Məmmədli" qrupuna hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, jurnalist Xədicə İsmayılova, Nida Hərəkatının keçmiş üzvləri Vahid əzizov və Şahin Novruzlu, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun (vəfat edib) işləri daxildir.

Həmin şəxslər 2014-2016-cı illərdə həbs olunuraq mühakimə ediliblər.