AXCP-nin daha bir üzvü təqsirləndirilən şəxs kimi tanınıb

Həbs olunan partiya üzvlərinin sayı 22 oldu

Son bir həftə ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 22 fəalı saxlanıb. Onlardan 8-nə qarşı ittiham irəli sürülərək, təqsirləndirilən şəxs qismində tanınıb. Yeddi nəfər buraxılıb, onlardan üçünün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Qalanları barədə isə məlumat yoxdur. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

“İyulun 20-də axşam saatlarında Telman Seyfullayev, iyulun 21-də isə Sabunçu rayon şöbəsinin fəalı Məhəbbət Nağıyev saxlanılıb. Telman Seyfullayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub. İyulun 21-də onu Baş Prokurorluğun İstintaq İdarəsinə də o idarənin əməkdaşları gətirib. Baxanda hiss olunurdu ki, təzyiq altındadır”, - deyə bildirilib.

AXCP-dən onu da vurğulayıblar ki, təqsirləndirilən şəxs qismində cəlb olunan cəbhəçilər barəsində məhkəmənin qərarıyla həbs-qətimkan tədbiri seçilsə də, onlar Bakı İstintaq Təcridxanasına göndərilmir: “Əvvəl mayın 18-də Asif Yusifli və Seymur Əhmədzadə haqqında həbs qərarı verildi. İyulun 20-də daha 3 nəfər haqqında, iyulun 21-də də növbəti 3 nəfər haqqında eyni qərar çıxarıldı. Qanuna görə, şəxs həbs qərarından sonra 24 saat ərzində istintaq təcridxanasına köçürülməlidir. Amma Asif Yusifli və digərləri hələ də polis idarələrində işgəncə altındadır. İyulun 20-də Asif Yusifli haqqında həbs qərarından apelyasiya şikayəti verilib, amma onun özünü hələ istintaq təcridxanasına göndərməyiblər”.

Təqsirləndirilən AXCP fəallarına qarşı CM-in 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət ittihamı irəli sürülüb.

AXCP iyulun 15-nə keçən gecə baş verənlərə heç bir aidiyyəti olmadığını bəyan edib. Partiyadan bildirilib ki, üzvlərinin kütləvi şəkildə həbsi Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında AXCP barədə söylədiklərindən qaynaqlanır. İ.Əliyev həmin çıxışında belə demişdi:

“Biz “beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

AXCP sədri Əli Kərimli isə bildirib ki, hakimiyyət Qarabağ məsələsindən də repressiya məqsədilə sui-istifadə edir: “Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”.

AXCP funksionerlərinə qarşı təxribat ittihamının yalan olduğunu vurğulayan Ə.Kərimli bildirib ki, əgər cəbhəçilərin dağıdıcı hərəkətlərdə iştirakını təsdiqləyən videogörüntülər varsa, ortaya qoyulsun: “Milli Məclisin qapıları açılır, adamlar ora buraxılır, sonra da bundan Xalq Cəbhəsinə qarşı istifadə olunur. Dövlət hakimiyyətini təmsil edənlər özünə hörmət etməlidir. Əvvəldən hazırlanmış təxribat olub. Cəbhəçilər bu prosesdə iştirak etməyib. Xalq Cəbhəsinin üzvləri də yaxşı bilirlər ki, hakimiyyət istənilən təxribatdan sonradan sui-istifadə edə bilər. Əksini iddia edən hakimiyyət nümayəndələrinə müraciət edirəm, cəbhəçilərin hansısa təxribatda iştirakını təsdiqləyən videogörüntü varsa, ortaya qoyulsun. Həmin şəxs dərhal partiyadan xaric edəcəyik, digər cinayət törətmiş şəxslər kimi, onun da cəzasını almasında şəxsən özümüz maraqlı olacağıq”.