AYİB koronavirusun təsirini azaltmaq üçün 1 milyard avro ayırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirusun (COVİD 19) yayıldığı ölkələrdə virusun şirkətlərə təsirini azaltmaq üçün 1 milyard avro dəyərində “Həmrəylik Paketi” elan edib.

Operativ.tv bu barədə banka istinadən xəbər verir.

Bankın açıqlamasında bildirilib ki, bu addım böhrana ilkin cavabdır və lazım olduqda qurum daha çox tədbir görməyə hazırdır. “Həmrəylik Paketi” əsasən 38 inkişaf etməkdə olan ölkənin özəl sektorun inkişafını dəstəkləmək üçün, həmin ölkələrə investisiya qoyan bankın səhmdarları tərəfindən təsdiqlənib.

Məlumata görə, təcili yardım proqramı çərçivəsində AYİB müvəqqəti kredit çətinliyi yaşayan güclü iş imkanlarına malik mövcud müştərilərinin maliyyələşməsini təmin etmək üçün "dayanıqlıq çərçivəsi" yaradacaq.

"COVİD 19 pandemiyası və onun iqtisadi nəticələri AYİB və onun fəaliyyət göstərdiyi ölkələr üçün misli görünməmiş bir çətinlik yaradır. Səhmdarları, üzv ölkələri, tərəfdaşlar və müştərilərin həmrəyliyinə cavab vermək üçün bank mövcud müştərilər üçün fövqalədə likvidlik, dövriyyə kapitalı və ticarətin maliyyələşməsini daxil olmaqla 1 milyard avro əlavə maliyyələşməni təmin edən bir çərçivə yaratdı. Bu ilk addımdır. Bank cavab tədbirlərini daha da genişləndirməyə hazırdır və fəaliyyət göstərdiyi ölkələr, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində maliyyələşdirmə alətlərini nəzərdən keçirmək, tənzimləmək və genişləndirmək üçün fəal və təxirəsalınmaz addımlar atır”, – AYİB prezidenti Suma Çakrabarti deyib.

Yardım paketi çərçivəsində xüsusən kiçik və orta sahibkarlığı dəstəkləmək üçün ticarətin maliyyələşdirməsinin genişləndirilməsi və maliyyə qurumları vasitəsi ilə iki ilə qədər qısamüddətli maliyyələşdirmə təmin ediləcək. Bundan başqa, Bank, digər şirkətlər, enerji subyektləri üçün iki ilədək qısamüddətli dövriyyə vəsaitləri təmin edəcək, həmçinin bələdiyyə, enerji və infrastruktur subyektlərinin balansın yenidən qurulması və qısamüddətli likvidlik dəstəyi verməyə hazırdır.

AYİB mövcud kreditlərin yenidən təşkili, həmçinin ödəmə müddətinin uzadılması və digər kredit şərtlərinin dəyişdirilməsi, yerli valyuta ilə ödəmə qabiliyyətindən istifadə edilməsi imkanlarını qiymətləndirəcək.

Ekspertlər qeyd edib ki, bu qərarla AYİB ötən il 10,1 milyard avro investisiya yatırdığı analoji ölkələrə güclü maliyyə dəstəyi verəcəyini göstərir. Xüsusən Orta Asiya, Şərqi Avropa, Qafqaz, Rusiya, cənub-şərqi Avropada iqtisadi artım zəifləyib.

Qlobal tədarük zəncirinə yüksək səviyyədə inteqrasiya olunan və xüsusilə Çin və Avropadan birbaşa asılılığı olan ölkələr virusdan daha çox əziyyət çəkir. Sektorlar üzrə isə AYİB-ə üzv ölkələrdə ən çox turizmə zərər dəyəcəyi gözlənilir.

Neftin qiymətindəki son azalma ilə AYİB-ə üzv neft istehsal edən ölkələrə ciddi təsir edəcəyi və neft sektorunda işləyən işçilərin öz ölkələrinə pul köçürmələrinin həcminin azalması gözlənilir.