Azər Mehdiyev: "Neft qiymətlərindəki artım müvəqqətidir"

"Azərbaycan işğaldan azad olunan əraziləri dirçəltmək üçün neft gəlirlərinə bel bağlamamalıdır”. 
 
İqtisadçı ekspert Azər Mehtiyev "Toplum TV”yə açıqlamasında belə deyib. 
 
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə bərpa işlərinə böyük resurs tələb olunur. Ona görə də neft qiymətlərinin artması ölkəyə sərf edən hadisədir. Lakin o, istisna etmir ki, qiymətlərin yüksək olmasının Azərbaycan üçün acı nəticəsi də var: "Uzun illər böyük neft gəlirləri ölkə iqtisadiyyatının birtərəfli  inkişafına gətirib çıxarıb. Neftin qiymətindəki kəskin düşüşlər bizi 2015-ci ildəki kəskin böhranla üzləşdirdi. Azərbaycan bunun təsirlərindən hələ çıxmayıb. Onun üçün neftdən aslılıq azalmalı, iqtisadi islahatlar hesabına həm əhalinin sahibkarlıq, təşəbbüskarlıq qabiliyyətləri  istiqamətləndirilməli, həm də bu sahələrə xarici investorlar cəlb edilməlidir”.  
 
İqtisadçı qeyd edib ki, müasir dünya tendensiyası dəyişib, neftin qiyməti qalxsa belə, əvvəlki dövrlərdə olduğu kimi böyük gəlirlər vəd edən dövrü artıq keçib: "Ona görə də müəyyən mövsümi əlamətlər, neft ixrac edən ölkələrdə baş verən hadisələrə görə indiki qiymət artımı müvəqqəti xarakter daşıyacaq. Dünayada hazıkı neft qiymətləri belə yüksək qiymətlər deyil, mülayim qiymətlərdir”.  
 
Ötən ay "Brent” neftinin bir barreli Londonun İCE birjasında 37,10 dollara, "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 35,64 dollara alıcı axtarırdı. 
 
"Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 37,65 dollara düşmüşdü.  
 
Noyabrın 25-nə olan məlumata görə, hazırda Londonun ICE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar artaraq 48,27 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar bahalaşaraq 45,17 dollar olub. 
 
Deputat Vahid Əhmədovun sözlərinə görə, dünyada neft qiymətlərinin oynaq olmasının əsas səbəbi ABŞ-da keçirilən prezident seçkiləri idi: "Dünya neft birjaları həmişə Amerikaya bağlı olub. Həmçinin OPEC+ üzvləri razılığa gəlir, neftin istehsalını müəyyən qədər saxlayırlar ki, ixracda problem yaşanmasın. Azərbaycanda gedən müharibə də neftin qiymətlərinə təsir edirdi. Azərbaycan neftinin qiyməti kəskin şəkildə aşağı düşmüşdüsə, indi qiyməti 50 dollara yaxınlaşır”. 
Neft qiymətlərinin  birjalarda müəyyən edilmədiyini deyən deputatın fikrincə, qiymətlər siyasi proseslərdən asılı olaraq dəyişir. 
 
O hesab edir ki, qiymətlərin  50 dollar və ondan yuxarı səviyyədə olması  müharibədən zərərçəkmiş ərazilərdə bərpa-quruculuq işləri üçün qənaətbəxş qiymətlərdir: "Çünki biz dövlət büdcəsini  2020-ci il üçün aşağı götürmüşdük. 2021-ci ilin dövlət büdcəsi hələlik bizə təqdim olunmayıb. Biz hətta istəyirik ki,  manatın kursunu qoruyub saxlayaq. Bərpa işləri və işğal olunmuş ərazilərdə fəliyyət göstərən ordu ayrılacaq maddi vəsaitlə  əlaqədar xərclərimiz də çox olacaq. Büdcədə müəyyən qədər dəyişikliklər olacaq”.  
 
Vahid Əhmədov deyir ki, qeyri-neft sektorunda ciddi canlanmalar var, idxal kifayət qədər azalıb, ixrac çoxalıb. Lakin o bildirib ki,  Azərbaycan neft ölkəsidir və 100 illərlə bəs edəcək neft ehtiyatı var. 
 
"Neft hələ uzun müddət Azərbaycan iqtisadiyyatında öz sözünü deyəcək”, - deputat deyib. 
 
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.  
 
Noyabrın 25-nə olan məlumata görə,  Azərbaycan neftinin bir barreli 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.