Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunur

Xarici işlər nazirlərinin 10 saatdan artıq davam edən görüşünün nəticəsi açıqlanıb

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü oktyabrın 10-da gecəyarısı başa çatıb. 10 saatdan artıq davam edən görüşün yekunu ilə bağlı bəyanatı Rusiyanın Xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

Razılığa əsasən:

1. Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.