Azərbaycan vaksini niyə Çindən yox, Türkiyədən alır?

Türkiyənin Çindən aldığı "Sinovac” adlı koronavirus əleyhinə peyvəndin ilk konteynerləri paytaxt Ankaraya gətirilib.
 
İlk mərhələdə 3 milyon doza gətirilən vaksin 14 gün ərzində testdən keçiriləcək.
 
Dekabrın 15-də isə Azərbaycan Səhiyyə Nazirliyi açıqlama yaymışdı ki,  vaksin almaq üçün Türkiyə ilə danışıqlar aparır. Səhiyyə nazirinin müavini Viktor Qasımov Türkiyədən 50 milyon doza vaksinin alınması üçün müqavilənin imzalandığı bildirmişdi.
 
Türkiyə vaksini Çindən alır, Azərbaycan isə Çinlə yox, Türkiyə ilə danışıqlar aparır. 
 
"Report”un hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, vaksin Türkiyənin "Keymen İlaç” şikrətindən alınacaq. Qarşılığında isə şirkətə 80 milyon manat civarında vəsait ödəniləcək.
 
Bəs nəyə görə Azərbaycan vaksinin birbaşa istehsalçısı olan Çin ilə danışıqlar aparmır?
 
Professor Adil Qeybulla deyir ki, vaksinin alınması dövlətlərarası müqavilə ilə tənzimlənir, "Amma niyə Çindən yox, Türkiyədən alınır” sualına cavab verə bilməyəcək.
 
Amma professor hesab edir ki, Azərbaycanın vaksini dünyada tanınmış şirkətlərdən alması daha yaxşı olardı: "Çin vaksinlərinin hələlik keyfiyyət parametrləri bizə bəlli deyil, amma Çinin özündə də yüksək keyfiyyətli laboratoriyalar var". 
 
TƏBİB-in sözçüsü Elnarə Baxışın bu sualla bağlı  "Toplum TV”-yə verdiyi yazılı cavab  belədir: "Vaksinasiya ilə bağlı strategiya hazırlanır. Yeni bir məlumat olduqda ictimaiyyətlə bölüşüləcək".