Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki... - REAL funksioneri

“Dünən Türkiyə Cümhuriyyətində iki önəmli hadisə baş verdi: 1. Türkiyə İnsan Haqları ilə bağlı yeni yol xəritəsini açıqladı, 2. Prezident Ərdoğan ilə Fransa prezidenti Makron arasında görüş və müzakirələr keçirildi. Yaxın günlərdə isə iqtisadiyyatda yeni yol xəritəsi elan olunacaq, çox güman, bununla da iş bitməyəcək. Yeni Konstitusiya və yeni qanunlar da qapıdadır”.

Bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.

O bildirib ki, qardaş ölkədə baş verənlər istər-istəməz Azərbaycana təsir edib, son zamanlar baş verən ciddi strateji yaxınlaşmadan sonra isə təsir daha da artacaq:

“Bəzi təkliflər mütərəqqi görünür, amma bəzi məsələlərdə də Türkiyənin sistem problemlərini kosmetik dəyişikliklərlə aşmağa çalışdığı hiss olunur.

Ümumiyyətlə, tarixə baxdıqda Cümhuriyyət ideyaları, mütərəqqi düşüncələr və diskurs həmişə bizdən – Azərbaycandan Anadolu torpaqlarına yayılıb. Tarixçi olmadığıma görə bu məsələlənin dərininə getmək istəmirəm, amma geniş anlamda cümhuriyyətçilik anlayışı, ideyası məhz Azərbaycandan türk-müsəlman dünyasına yayılmağa başlayıb.

Bunu nəzərə alaraq biz indi də rol-model ölkə olmağa ən uyğun məkanıq, buna görə öncə bizdə model, sistem dəyişikliyi olmalıdır ki, örnək və əmsal yarada bilək”.

Siyasətçi qeyd edib ki, bizim sistem tam çürüyüb, yararsızdır. Siyasi, idarəetmə dəyişikliyi olmasa, iqtisadi-sosial problemləri həll etmək, xarici siyasətdə yeni çağırışlara cavab vermək mümkün olmayacaq:

“Çünki bizdə institutlaşma hələ baş verməyib, hakimiyyət şəxsləşib, amma institutlaşmayıb. Gələcəkdə artacaq təzyiqlərə davam gətirmək, iqtisadi və sosial çağırışlara cavab vermək üçün bizdə mütləq yeni Konstitusiya olmazsa-olmazdır. Yeni Ana Yasamız bir neçə açıq suala aydınlıq gətirməlidir: 1. Prezidentin və Nazirlər Kabinetinin səlahiyyətlərinin çərçivəsi müəyyənləşməlidir, 2. Hökumət Parlamentdən çıxmalı, hesabatlı olmalıdır. Hökumət iqtisadi-sosial məsələləri Prezident isə təhlükəsizlik, ordu, xarici siyasət, regional idarəetmə və nəzarət funksiyaları daşımalıdır, 3. Yerli özünüidarəetmə gücləndirilməli, seçkili Mer institutu formalaşmalıdır. Paralel olaraq da rayon icra hakimiyyəti qurumları ləğv edilməlidir, 4. Ölkə 15 (18 də ola bilər, ADR xəritəsi örnək alınaraq müzakirə edilməlidir) iqtisadi regiona bölünməli, Prezident hər bir region üzrə öz səlahiyyətli nümayəndəsini təyin edərək yerlərdə qanunlara və Konstitusiyaya əməl edilməsi mexanizmi yaratmalıdır, 5. Parlament seçkiləri proporsional əsaslarla keçirilməli, siyasi partiyalar institutlaşmalı, şəxslərə bağlı qurumlar olmaqdan çıxaraq ideoloji dəyərlər daşıyıcısına çevrilməlidir, 6. Məhkəmə hakimiyyəti müstəqilləşməli, hakimiyyətin icra qolundan asılılığı azalmalıdır, 7. Dövlət əmlakının özəlləşməsi üçün şəffaf və ardıcıl iş aparılmalı, büdcənin yükü azaldılmalıdır. Paralel olaraq ölkədə normal səhm bazarı yaradılmalı, qiymətli kağızlar bazarı işlək vəziyyətə gətirilməlidir, 8. Ölkənin strateji hədəfləri daha aydın və ağlabatan qaydada açıqlanmalı, bütün fəaliyyət bu hədəflərə köklənməlidir, 9. İnsan haqları və azadlıqları yeni Konstitusiyada aydın və daha geniş yer almalıdır, 10. Birinci vitse-prezidentlik institutu qalacaqsa, o da seçkili olmalı, indiki Ana Yasada olan müxtəlif və çox sayda digər vitse-prezidentlik yaradılması qaydası tamamən ləğv edilməlidir.

O ki qaldı Makronla görüşə, bir daha sübut olundu ki, siyasətdə daimi müttəfiqlər yoxdur, daimi maraqlar var. Ona görə də, siyasətdə çılğın bəyanatlardansa, ağıllı analizə ehtiyac həmişə daha öndə olmalıdır”.