Azərbaycanda sərnişindaşıma 49,5 faiz azalıb

Koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın, o cümlədən yerli hava uçuşlarının məhdudlaşdırılması yük və sərnişin daşımalarının azalmasına səbəb olub.

Dövlət Statsitika Komitəsindən (DSK) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişin daşınması cari ilin iyun ayında may ayına nisbətən 2,6 faiz, ötən ilin iyun ayı ilə müqayisədə isə 49,5 faiz azalıb:

“Nəticədə ümumilikdə cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə sərnişin daşınması 28,7 faiz azalıb. Yük daşınmasının isə cari ilin iyun ayında may ayı ilə müqayisədə 3,6 faiz artmasına baxmayaraq, ötən ilin iyun ayına nisbətən baş vermiş 29,8 faizlik geriləmə ümumilikdə yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə yük daşınmasının 14,1 faiz azalmasına səbəb olub.

Yüklərin 58,4 faizi avtomobil, 30,7 faizi boru kəməri, 7,5 faizi dəmir yolu, 3,2 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb”.

Rəsmi məlumata görə, sərnişinlərin 90,5 faizi avtomobil, 9,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.