“Azəriqaz”: "Özəlləşməyə getsək, hansısa sahibkar bu qədər insanın işlə təmin edilməsini üzərinə götürəcəkmi?”

Ölkə başçısı İlham Əliyev bu il avqustun 6-da müşavirdə dövlət şirkətlərinin işini tənqid edib. 
 
Təndiq edilənlərin sırasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və onun tərkibində olan "Azəriqaz” İstehsalat Birliyi də var. 
 
Prezident qaz itkilərinin son vaxtlar azalsa da, yenə də "dözülməz həddə” olduğunu bildirib. 
 
"Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.
 
İlham Əliyev israfçılıqdan, bəzi hallarda lazım olmayan layihələrin icrasından da danışıb. 
 
Onun qənaətincə, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür: "Birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranır".
 
Prezident "Azəriqaz”la bağlı hələ ötən il mayın 1-də də tənqidi fikrilər səsləndirmişdi. O, İstehsalat Birliyini "əsası olmayan işlərə son qoymağa” çağırmışdı: "Çünki mənə məlumat verilir ki, "Azəriqaz" özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır”.
 
İ. Əliyevin avqust çıxışından sonra dövlət şirkətlərinin səmərəliliyinin artırılması, şəffaflıq yaradılması məqsədilə İnvestisiya Holdinqi yaradıldı. Hətta bəzi dövlət qurumlarının səhmdar cəmiyyətə çevriləcəyi, özəlləşdiriləcəyi haqda fikirlər də səslənməyə başladı. Hələlik İnvestisiya Holdinqi təkliflərini açıqlamayıb. 
 
Mütəxəssislərə bunun üçün erkən olduğunu, ən tez halda ilin sonunda təklif və qərarların masaya qoyulacağını düşünürülər. Qurumla əlaqə saxlamaq da mümkün olmayıb. Bəs tənqid edilən ARDNŞ bu haqda nə düşünür, "Azəriqaz” özəlləşdirməyə gedə bilərmi? 
 
"Azəriqaz”: "Özəlləşməyə getsək, hansısa sahibkar bu qədər insanın işlə təmin edilməsini üzərinə götürəcəkmi? 
 
"Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov prezidentin tənqidlərinin daha çox tabe olduqları ARDNŞ-ə aid olduğunu bildirir və bu haqda danışmır. 
 
O ki qaldı İstehsalat Birliyinin özəlləşdirilməsinə, mətbuat katibi bunu mümkün saymır. Səbəbləri isə bu ardıcıllıqla sıralayır: "İstehsalat Birliyində 8600-ə qədər sosial yardım alan vətəndaş işləyir, bunlar xidməti müqavilə ilə çalışan işçilərdir. Onlar sırf əmək müqaviləsi ilə işləmir. Bu dövlətimizin yerlərdə işsizliyin azaldılması ilə bağlı reallaşdırdığı sosial siyasətin tərkib hissəsidir. Buna görə də işsiz insanları işə cəlb edərək bunun müqabilində müəyyən ödənişlər edirik. Bu ödənişlər əmək haqqı deyil, sırf sosial yardımdır. O baxımdan bu qədər insanın İstehsalat Birliyində çalışması əlbəttə ki, az məvacib alsalar da böyük iş yeri kimi qəbul oluna bilər. Sabah "Azəriqaz” özəlləşməyə getdi, hansısa sahibkar bu qədər insanın işlə təmin edilməsini üzərinə götürəcəkmi? Sahibkarın marağı fərqlidir”.
C.Səfərov ikinci səbəbə toxunur. O, İstehsalat Birliyinin abonentləri arasında xeyli sayda illik güzəştli qaz limitindən istifadə edənlərin olduğunu xatırladır: "Məsələn, abonentlərə ildə 2200 kub metr həcmində qaz aşağı tariflə verilir. Onlar hər kubmetrə 10 qəpik ödəməklə qazdan istifadə edir. Bu da böyük bir sosial dəstəkdir. Ötən ilin statistikasına görə bizim 2 milyon 300 minədək abonentimiz var, onun 85 faizi 10 qəpiklik limitdən istifadə edir. Bu, çox aşağı tarifdir, inanmıram ki, özəlləşdirmə gedərsə sahibkar bu tariflə, belə bir güzəştlə qazın satılmasına razılaşsın. O sərmayə qoyacaq və bu sərmayəni çıxarmaq marağında olacaq”.
 
"Azəriqaz”ın sözçüsü eyni zamanda ölkədə qazlaşmanın dövlət hesabına həyata keçirildiyini də yada salır. Onun sözlərinə görə, tariflər o qədər aşağıdır ki, qoyulan vəsaitin geri qayıtmasına illərlə vaxt lazımdır. 
 
C.Bayramov deyir ki, indiki halda dövlət qoyulan vəsaitin geri qayıtmasından çox abonent qruplarının qazla təchizatında maraqlıdır. "Bu da dövlət büdcəsindən dəstəklənir. Ancaq sahibkar belə edə bilməyəcək, tariflərlə razılaşmayacaq”, - İB sözçüsü qeyd edir. 
 
Mirvari Qəhrəmanlı: "Azəriqaz” özəlləşdirilməlidir”
 
Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı "Azəriqaz”ın izahatını qəbul etmir. O deyib ki, qurum siyasətini köklü şəkildə dəyişməlidir. 
 
Mütəxəssis  İstehsalat Birliyinin 2009-cu ildə Dövlət Neft Şirkətinin tərkibinə daxil edilməsini səhv addım sayır. Onun fikrincə, "qazı hasil edənlə onu satan bir əldə cəmləşməməlidir”.
 
M.Qəhrəmanlıya görə, "Azəriqaz”ın səhv addımlarından ən başlıcası ştatın şişirdilməsidir. "Bu ilin əvvəlində bir az ixtisar aparılsa da, az sonra dayandırıldı”. 
O, İB-nin sosial layihəsini də tənqid edir: "2018-ci ildə Sosial Müdafiə və Əhalinin nazirliyi bir çox sayda insanı Dövlət Neft Şirkətində işləməyə göndərdi. Bu adamların aldığı 300 manatdır, başqalarının da işini onlara gördürürlər və bunun müqabilində aldıqları maaş ikiqat azdır. İkincisi, şirkət özəl olanda o kadrları özü seçəcək, dövlət hesabına ora qohum-əqrəba yığmayacaq, rəqabət yaranacaq, şəffaflığa çalışacaqlar, abonentlərin hesabına itkiləri bağlamağa çalışmayacaqlar, korrupsiya azalacaq, mütəxəssis qıtlığından buraxılan səhvlər aradan qalxacaq. Ona görə də "Azəriqaz”ın özəlləşdirilməsi çox vacibdir”.  
 
O, daha bir səhv addımın kütləvi informasiya vasitələrinin  vaxtaşırı haqqında danışdığı qaz sayğacları ilə bağlı olduğunu deyir: "Bir neçə il qabaq, səhv etmirəmsə 2012-ci ildə Fransadan smart tipli sayğaclar alınmasına başlandı. Beləliklə, mexaniki sayğaclar smart tipli sayğaclarla əvəzləndi. Smart tipli sayğacların qiyməti 250 manatdır, mexaniki sayğacların qiyməti 65. Dünyanın çox yerində mexaniki sayğacdan istifadə edilmir. 2014-cü ildən 2019-cu ilədək mexaniki sayğaclara görə çox sayda abonent cərimələndi və bu da qaz itkisi ilə izah olundu. Buna görə çox sayda məhkəmə prosesi başladı. Yalandan aktlar tərtib edildi və əsasları olmadan bir çox məhkəmə proseslərini uddular. Amma 2019-cu ildə "Azəriqaz” birdən-birə qərar verdi ki, smart tipli sayğacları mexaniki sayğaclarla əvəzləsin. Bunu da onun baha olması ilə əsaslandırdı. Mən onda bir sual verdim ki, əgər bahaydısa 7 il niyə o alınırdı, yaxşıydısa niyə saxlamırsan?..”
 
M.Qəhrəmanlı prezident İlham Əliyevin də çıxışında toxunduğu bir məsələ haqqında da danışır. 
 
O, qazlaşdırma məqsədilə hər il dövlət büdcəsindən xeyli vəsait ayrıldığını bildirir: "Mən araşdırma aparmışdım. Hər il deyilir ki, ölkə ərazisi 93-95 faiz qazlaşdırılıb, ilin sonuna 97 faizə çatacaq. 15-20 ildir eyni söz deyilir, qazlaşdırma hələ 97 faizə çatmayıb. Bu qədər vəsait hara gedir? Bunun kökündə ciddi nəzarətin olmaması dayanır, maliyyə nəzarəti yoxdur, kadrlar düzgün seçilmir”.
 
M.Qəhrəmanlının qənaətincə, bunun bir yolu var, öncə "Azəriqaz” ARDNŞ-in tərkibindən çıxarılmalı, daha sonra özəlləşdirilməlidir, bundan başqa istehlakçıların seçim hüququ olsun deyə digər ölkələrdə olduğu kimi qaz idarələri yaradılmalıdır. Onun sözlərinə görə, bu zaman qaz itkisi də olmayacaq. 
 
İlham Şaban: "Azəriqaz” ARDNŞ-ə yükdür”
 
Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban "Azəriqaz”ın ARDNŞ-ə yük olduğunu düşünür. Amma o özəlləşdirmə haqqında düşünməyə tələsmir. 
 
İ.Şaban prezidentin tənqid etdiyi "AZAL”ın da, dövlət televizyası AzTV-nin də səhmdar cəmiyyət olduğunu deyir: "Nə olsun? Səhmdar cəmiyyət də səhmdar cəmiyyət kimi olmalıdır. Hesabatları var? Şəffaflıq var?”
O, bu məsələdə ARDNŞ-i tənqid etməyin tərəfdarı deyil: "Azəriqaz” Dövlət Neft Şirkətinə birləşdirilənə qədər paylayıcı şəbəkələrdə itkisi 20 faiz ətrafında, yığım ən yaxşı halda 70 faiz idi. İndi isə itkilər təxminən 5-6 faizə düşür, yığım əhali arasında 95 faizdir. Yeganə problem istixanalarla bağlıdır. O da "Azəriqaz”ın öz günahıdır ki, nə qədər istixana olduğunu, kimə aid olduğunu açıqlamır. Deyirlər: "Filan nazirindir”. Pulunu ödəsin. Məktəbin qazını kəsirsən, istixananın qazını kəsə bilmirsən?..”  
 
İ.Şaban da razılaşır ki, dövlət bu sahəyə büdcədən vəsait ayırmamalıdır. Ancaq o, Azərbaycanda qazın satış qiymətinin bazar qiymətinə uyğun olmadığını, dövlətin tənzimlədiyini söyləyir: "Bu halda illik olaraq dəyişmir, amma Dövlət Neft Şirkətinin hesabatlarında qazın qiyməti illik dəyişir, ucuzlaşmır, artır. Sual yaranır ki, bu halda şirkət "Azəriqaz”ı necə saxlamalıdır?” 
 
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovsa prezidentin müşavirəsindən sonra "BBC News Azərbaycanca"ya bildirmişdi ki, qurum inzibati iqtisadiyyat modelindən tam uzaqlaşmalı, koorparativ idarəetmə sistemini təkmilləşdirməlidir.
 
"Dövlətin SOCAR-a verdiyi dəstək əsasən bəzi şirkət üçün rentabel olmayan layihələrdə olub, bu da həmin layihələrin sosial əhəmiyyəti ilə bağlıdır. Ölkədə qüvvədə olan satış tariflərini aşağı səviyyədə saxlamaq və bununla əhalinin sosial rifah halını təmin etmək üçün dövlət qaz təchizatı kimi bəzi layihələrdə Dövlət Neft Şirkətinə mütəmadi dəstək verib”, - deyə İbrahim Əhmədov bildirib. 
 
İbrahim Əhmədov onu da əlavə edir ki, ARDNŞ prezidentin "haqlı iradlarını əsas götürərək atdığı addımları" daha da sürətləndirəcək.
 
Mütəxəssislərin fikrincə, "Azəriqaz”la dolaşıqlığa son qoymaq üçün siyasi və iqtisadi iradə lazımdır.