Bağdadda Sədrin tərəfdarları ilə polis arasında yenidən toqquşma olub, yaralananlar var

Müqtəda Sədrin tərəfdarları bu gün Bağdadda hökumət binalarının yerləşdiyi “Yaşıl Zonaya” daxil olmağa cəhd ediblər. Təhlükəsizlik qüvvələri ilə toqquşmada yaralananlar var.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Sədrin tərəfdarları İraq Parlamentinin iclaslarını bərpa etməsinə etiraz əlaməti olaraq “Yaşıl Zona” rayonu istiqamətində yürüş ediblər.

Adıçəkilən məntəqənin girişində təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib və hər iki tərəfdən yaralananlar var.

Qeyd edək ki, Sədrin tərəfdarları ilə ötən aykı toqquşmada onlarla insan həyatını itirmişdi.

Xatırladaq ki, İraqda ötən ilin parlament seçkilərinin nəticələrinə əsasən öndə gedən Sədr cinahı hökuməti formalaşdıra bilmədikdən sonra digər siyasi cinahlar bu işi görüb və yeni baş nazirin adını açıqlayıblar. Rəqiblərinin addımını qəbul etməyən Sədr cinahının tərəfdarları Parlamenti ələ keçirərək, yenidən növbədənkənar seçkilərin keçirilməsini istəyiblər. Ölkə məhkəməsi Sədr cinahının tələbinə mənfi rəy verdikdən sonra ölkədə siyasi qarşıdurma və böhran dərinləşib.