Bakı ilə Stokholm arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı ilə Stokholm şəhərləri arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov, Stokholm Şəhər Şurasının rəhbəri Cecilia Brink ilə görüşüb. Stokholm şəhər bələdiyyəsində keçirilən görüşdə, İsveç və Azərbaycan paytaxtları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Zaur Əhmədov, xüsusilə Cecilia Brinka Azərbaycan haqqında, eləcə də 2020-ci il Vətən müharibəsindən sonra bölgədəki vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış və viran qoyulmuş şəhər və kəndlərin bərpası haqqında danışıb. Azərbaycanın paytaxtı haqqında da söz açan Zaur Əhmədov, multikultural ünsiyyət mərkəzinə çevrilən və böyük beynəlxalq konfransların, görüşlərin, eləcə də mədəniyyət tədbirlərinin və idman yarışlarının keçirildiyi Bakının artan beynəlxalq əhəmiyyətini xüsusilə vurğulayıb.

İki ölkənin paytaxtları arasında əməkdaşlıq üçün geniş imkanların olmasını diqqətə çatdıran səfir, bəzi sahələrdə təcrübə mübadiləsi proqramından başlayaraq bu əlaqələrin səviyyəsini daha da dərinləşdirmək arzusunda olduğunu dilə gətirib. Səfirin fikrincə, mədəni layihələrdə iştirak bu cür əlaqələrin möhkəmlənməsinə təkan verə bilər. Z.Əhmədov Azərbaycan musiqiçilərinin İsveç paytaxtında etnik və caz musiqisi festivallarında iştirak etməsinin mümkünlüyünü də qeyd edib. Onun fikrincə, Azərbaycanlı modelyerlər isə Stokholmda hər il keçirilən moda həftəsinə də qatıla bilər.

Öz növbəsində Stokholm Şəhər Şurasının rəhbəri Cecilia Brink,

Azərbaycanın paytaxtı haqqında məlumatlara görə minnətdarlığını bildirərək, İsveç paytaxtının inkişafı üçün görülən işlərdən danışdı.

Görüşdə iki ölkənin paytaxtları arasında əməkdaşlığın inkişafı üçün əlavə işlərin aparılmasına dair razılıq əldə olunub.