Baş Prokurorluğun media azadlığı ilə bağlı tədbiri nədən xəbər verir?

Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.

Baş prokuror Kamran Əliyev bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının pozulmasına, dövlətin müdafiə qabiliyyətinin zəifləməsinə, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlər, çağırışlar hər hansı mediada, sosial şəbəkədə edilirsə, prokurorluq fəaliyyət istiqamətinə uyğun olaraq qəti addımlar atmalıdır.

O qeyd edib ki, sosial şəbəkələrdə dövlət sirri, hərbi sirr hesab edilən informasiyaların dəqiqləşdirilmədən yayılması kimi hallara çox rast gəlinir.

Tədbirdə bu məsələ ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi və Baş Prokurorluqla birgə komissiyanın yaradılması da təklif olunub.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Turan-a bildirib ki, tədbirdə yaranmış vəziyyət müzakirə olunub. “Müzakirələrin mahiyyəti ondan ibarət idi ki, sosial şəbəkələrdə dövlət sirrinin yayılması və vətəndaşların şəxsi həyatı ilə bağlı arzuolunmaz informasiyaların paylaşılması intensivləşib. Bunlar qanunla yasaqlanır və bunlara qarşı hansısa tədbir görüləndə, bu, əks reaksiya doğurur. Müzakirələr elə onun ətrafında aparılıb ki, necə edək, həm qanunvericilik qorunsun, həm ölkədə söz azadlığının qorunmasına xələl gəlməsin”.

Ələsgərli qeyd edib ki, media qurumlarının rəhbərlərinin çıxışlarında konkret hansısa qanunlara dəyişikliklərin olması ilə bağlı müəyyən təkliflər səslənib. “Belə təkliflərdən biri məndən də gəldi. Təklif etdim ki, “Dövlət sirri haqqında” qanunun hansı formada tədbiqi ilə bağlı konkretlik və aydınlıq olmalıdır. Çünki bu qanunun tədbiqi ilə bağlı nə jurnalistlərin peşə davranış qaydalarında, nə də hansısa təlimatda xüsusi bir hal yoxdur. Bu qanunu da fərqli istiqamətlərdə şərh etmək mümkündür. Bu məsələ ilə bağlı jurnalistlər üçün xüsusi seminarlar, təlimlər də keçirilməli, xüsusi bələdçi də buraxılmalıdır”.

Onun sözlərinə görə, tədbirdə dövlət sirrinin yayılması ilə bağlı məsələlərin tənzimlənməsi üçün xüsusi bir komissiyanın formalaşdırılması təklif olunub. “Bu komissiya müzakirə etsin ki, həssas məsələlər hansı formada tənzimlənməlidir, necə olmalıdır ki, qanunla yasaqlanan məsələlər paylaşılmasın, həm də ölkədə söz azadlığı qorunsun. Konkret istiqamətlər, təlimatlar hazırlansın ki, kimlərsə sabah səhvə yol verib hüquqi cəza almasın”.

Qurumun sədri bildirib ki, səslənən təkliflər birmənalı şəkildə qanunların qorunmasına və xəbər istehsalçılarının məsuliyyətdən yayındırılmasına xidmət edən bir addımdır. “Belə xəbərlər var ki, onlar həm jurnalist peşə kodeksində, həm qanunvericilikdə həssas yanaşmanı tələb edir. Məsələn, uşaq hüquqları, terror hadisələrinin işıqlandırılması, insanların şəxsi həyatı ilə bağlı məsələlər var ki, onlar yerli qanunvericilikdə, beynəlxalq konvensiyalarda və bizim etik kodeksdə nəzərdə tutulub. Bu tip informasiyaların əksəriyyətində xüsusi təlimatlar var. Amma dövlət sirri anlayışı ilə bağlı məsələlər hələlik konkret təlimatlarda yer almayıb və bəzi insanlar məlumat yayarkən burada sərhədləri qarışıq salırlar”.

Media Hüququ Qrupunun həmtəsisçisi Xalid Ağalıyev isə bildirib ki, bu kontekstdəki müzakirələrin hamısı, prokurorluğun, dövlət qurumlarının, onların bütün çağırışlarına həvəslə dəstək verən hökumətə bağlı medianın səsləndirdiyi vətəndaşların hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, dövlətin müdafiə qabiliyyətinin zəifləməsinə, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlərin, çağırışların qarşısının alınması kimi əsaslara söykənir. “Prinsip etibarilə, qeyd edilənlər onsuz da qanunla qorunur. Buna baxmayaraq, yeni qurumların, komissiyaların yaradılması qərarı verilirsə, deməli, burada məqsəd əslində söylənildiyi kimi deyil”.

Hüquqşünasın sözlərinə görə, milli təhlükəsizliyə yönələn hərəkətlər baş veribsə, qanunvericilik baxımından, onun qəzetdə və ya sosial şəbəkələrdə baş verməsinin heç bir fərqi yoxdur. “Hərəkətin qanunlarda nəzərdə tutulmuş cəzası var, o, tətbiq edilməlidir. Əlavə mexanizmlər yaradılırsa, deməli, başlıca məqsəd teleradio və çap mediasından fərqli olaraq, xeyli azad olan internet mediasını da mümkün qədər nəzarət altına almaqdır”.

Ekspert qeyd edib ki, dünyanın heç bir yerində yanlış məlumatların qarşısını almaq məqsədilə qurulan qurumlar yoxdur. “Heç nifrətli çıxışların, şiddəti təşviq edən məzmunların qarşısını almaq məqsədilə də dövlət hansısa qurum yaratmır. Bu məsələləri azad jurnalistlərin qurduqları birliklər, yazdıqları tövsiyələr tənzimləyir”.

Onun fikrincə, Azərbaycanda başlıca problem azad jurnalist, azad media problemidir. “Dövlət onları azad buraxmalıdır ki, onlar özlərini tənzimləmək vərdişlərinə yiyələnsinlər. Məncə, son müzakirələr sosial medianın tənzimlənməsi ilə bağlı yeni qanunun hazırlanmasının, qəbuluna hazırlığın xəbərçisidir. Bunun media azadlığına xidmət edəcək addım olduğunu düşünmürəm”.

 

Turan.az