Belarusda asayişin pozulmasına görə cəzaların sərtləşdirilməsi gündəmdədir

Belarus Baş prokurorluğunun təklifi ilə ölkədə ictimai asayişin pozulmasına və ekstremizm hallarına qarşı cəzaların sərtləşdirilməsi gündəmdədir. 
 
"BelTA" agentliyinin yanvarın 4-də verdiyi məlumata görə, prezident Aleksandr Lukaşenkonun göstərişlərinə uyğun olaraq, Belarus Baş prokurorluğunda qanunvericiliyə düzəlişlərin edilməsinə dair müvafiq təklif irəli sürülüb. 
 
Baş prokuror Andrey Şved jurnalistlərə açıqlamasında deyib ki, düzəlişlər təkcə ekstremizm sahəsində məsuliyyətin sərtləşdirilməsini deyil, "ölkədə ictimai təhlükəsizliyi və sabitliyi bu və ya digər şəkildə təmin edəcək bütün qanunvericiliyi" əhatə edəcək. 
 
Düzəlişlər çərçivəsində prokurorların səlahiyyətlərinin genişləndirilməsi də nəzərdə tutulur. 
 
"Currenttime.tv" platforması isə dünən Belarusda 2021-ci ilin ilk nümayişlərinin start götürdüyü barədə xəbər yayıb. Paytaxt Minskdə və ölkənin digər şəhərlərində keçən ilin avqust ayında keçirilmiş prezident seçkilərinin nəticələrinə və hüquq mühafizə orqanlarının zorakılığına etiraz olaraq, kütləvi nümayişlər baş tutub. Nümayişlərə polis müdaxilə edib, saxlananlarla bağlı rəsmi məlumat verilməyib. 
 
Yanvarın 3-də həmçinin BMT-nin İnsan hüquqları üzrə komitəsi Belarus hökumətinə müraciət edərək, kütləvi tədbirlərlə bağlı qanunvericiliyə yenidən nəzər salmağa çağırıb. 
 
Belarus hökuməti BMT-nin İnsan hüquqları üzrə komitəsinin çağırışlarına bir qayda olaraq reaksiya vermir.