Beynəlxalq festivalın qalibləri bəlli oldu

Stiker” və “Üç yol” ən yaxşı film seçildi

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub.

Pandemiyaı səbəbindən bu il onlayn formatda reallaşan festival 6 günlük marafonunu yekunlaşdırıb. Müsabiqənin “Qızıl nar” mükafatı “Ən yaxşı bədii film” nominasiyasında makedoniyalı Georgi Unkovskinin “Stiker”, “Ən yaxşı sənədli film” portuqaliyalı İnes Luisin “Siz evdə qalmalıydınız, səfehlər”, “Ən yaxşı animasiya filmi” Bosniya–Hersoqovinanı təmsil edən Aleta Rajicin “Təbii seçim” filminə verilib.

Festivalın “Ən yaxşı animasiya film rejissoru” İva Tokmakçiyeva (“Gəl, dünən görüşək”), “Ən yaxşı sənədli film rejissoru” italiyalı Manuel Marini (“Səmalar”), “Ən yaxşı bədii film rejissoru” kolumbiyalı Daniela Abad Lombana (“Çarpayı”) seçildi. Münsiflər heyətinin xüsusi mükafatına “Uordun xına mərasimi” (Murad Mostafa), xüsusi diplomuna isə “Əbədi gecə” (Pedro Peralti) filmi layiq görülüb.

Yerli müsabiqənin “Qızıl nar” mükafatına “Ən yaxşı bədii film” üzrə Azər Allahverdiyevin “Üç yol”, “Ən yaxşı sənədli film” üzrə Toğrul Musa, Nurlan Həsənlinin “Bir ata haqqında”, “Ən yaxşı animasiya filmi” üzrə Fidan Axundovanın “Quzğun”, “Ən yaxşı sosial çarx” üzrə Nicat Qədimlinin “Tezliklə”si layiq görülüb.

“Üç yol” festivalın “Ən yaxşı ssenari” nominasiyasında da qalib olub.

“Münsiflər heyətinin diplomları” “Quyu” (Elnur Paşa), “Sükut” (Ceyhun Türksoy), “Anamla dəqiqələr” (Sənan Səfərli), “Züleyxa ilə dialoqlar” (Rəşid Ağamalıyev) filminə verilib.

“Bakı küləyi” bədii filmi (Şirin Əhmədov) “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin, “Döngə” sənədli filmi (Vəfa Ağabalayeva) “AzərNyuMedia” şirkətinin mükafatı, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiyası (Sultan Abbasbəyli) “ÖZ FİLM” şirkətinin xüsusi diplomu ilə təltif olunub.

“Cinemobil” müsabiqəsinin qalibi isə Sənan Səfərovun “Bir zamanlar Dərnəgüldə” filmi seçilib.

“Festivalın Beynəlxalq, Yerli, “Cinemobil” müsabiqəsində yarışan ümumilikdə 85 film xüsusi platformada yayımlandı və maraqla izlənildi”. Bunu festivalın direktoru Fehruz Şamıyev deyir. Söyləyir ki, onlayn film nümayişlər kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Beynəlxalq münsiflər heyətinin sədri, rejissor, prodüser Oleq Səfərəliyev ölkəmizdə festivalların xüsusilə də pandemiya zamanı keçirilməsinin önəmli hesab edir. Deyir ki, kino sənayesi daim inkişaf etməlidir:

“Sənətkarlar film çəkməlidir, yeni gənc rejissorlar öz bacarıqlarını üzə çıxarmalı və öz işlərini ictimaiyyətə göstərməlidirlər”.

Münsiflər heyətinin üzvü rejissor Rüfət Əsədov müsabiqə filmlərini yüksək qiymətləndirir:

“Fərqli mövzusu, yanaşması olan maraqlı filmlərlə qarşılaşdıq. Bu festival bu il 11-ci dəfədir keçirilir. Əgər 72 ölkədən 3086 film daxil olubsa, bu, artıq Festivalın prestijindən xəbər verir. Sevinirəm ki, təşkilatçılar bu il festivalı reallaşdıra bildilər, ənənəni davam etdirdilər. Bu, çox vacib məsələdir”.

Yerli müsabiqənin münsiflər heyətinin sədri sənətşünas, ssenarist Nadir Bədəlov festivalın nəsillərin dialoquna şərait yaratdığını deyir:

“Mənim dünyaya baxışım bir başqadır, festivalda iştirak edən filmlərin müəlliflərinin baxışı tamamilə fərqlidir, bu baxımdan olduqca maraqlı bir dioloq alındı. Mən gənclərlə tanış oldum. Bu festival məndə yeni nəslə ümid yaratdı”

Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.