Bidzina İvanişvili parlament seçkilərinə qatıla bilər

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri, milyarder Bidzina İvanişvili bu ilin oktyabrında keçiriləcək parlament seçkilərində iştirak edə bilər.

Ölkənin Baş naziri Giorgi Qaxaria onun seçki siyahısında yer alacağını istisna etməyib.

Hökumət başçısı deyib ki, siyahıda kimin birinci olacağı önəmli deyil: “Ən önəmlisi nümunəvi və demokratik seçkilərin keçirilməsidir”.

Qeyd edək ki, B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2018-ci ilin may ayından hakim partiyaya rəhbərlik edir.

Qonşu ölkənin qanunverici orqanına seçkilər oktyabrın 31-nə təyin olunub.