BMT baş katibi Yəməndə atəşkəsin pozulması təhlükəsinə görə İran prezidentinə zəng vurub

Yəməndə husilər atəşkəs müddətini artırmaq niyyətində olmadıqlarını açıqlayandan sonra BMT baş katibi Antonio Quterreş İran prezidenti ilə məsələni müzakirəyə çıxarıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Rəisi bazar ertəsi axşam Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə telefon danışığında Baş Assambleyanın illik iclasının keçirilməsində göstərdiyi səylərə təşəkkür edərək, İran İslam Respublikasının bütün regional imkanlarından istifadə etməyə hazır olduğunu vurğulayıb. O, regional və qlobal sülh və rifaha gətirib çıxara biləcək müxtəlif sahələrdə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq etməyə hazırlığını ifadə edib.

İran İslam Respublikasının prezidenti Yəmən böhranının həllində Tehranın mövqeyinin Yəmən-Yəmən dialoqunu həyata keçirmək olduğunu bəyan edib.

O, Yəmən böhranı ilə bağlı daxili dialoqunun aparılması, iqtisadi blokadanın real şəkildə qaldırılması və Yəməndəki humanitar böhrana diqqət yetirilməsi zərurətinə toxunub və Səudiyyə Ərəbistanı tərəfinin bununla bağlı öhdəliklərini yerinə yetirməsini istəyib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi öz növbəsində telefon danışığında İran prezidentinin BMT Baş Assambleyasının 77-ci sessiyasında apardığı danışıqları nəzərə alaraq fəal iştirakına və aktiv yanaşmasına görə təşəkkür və minnətdarlığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Yəməndə atəşkəs müddətinin uzadılması üçün İrandan dəstək istəyib.

Telefon danışığının sonunda Quterreş əmin edib ki, Səudiyyə tərəfinə öhdəliklərini yerinə yetirmək, o cümlədən Yəmənə tətbiq olunan mühasirəyə son qoymaq üçün təzyiq göstərəcək.