Bolton ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmaq niyyətini “böyük səhv” hesab edir

Ağ evin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton ABŞ-ın İranla nüvə anlaşmasını “böyük səhv” adlandırıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, Bolton keçmiş Prezident Donald Trampın müşaviri olarkən ABŞ-ın İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planından çıxmasının təşəbbüskarı olub, bununla da anlaşma faktiki olaraq pozulub.

Co Bayden Prezident seçildikdən sonra isə ABŞ İranın nüvə proqramı üzrə təmasların bərpa olunmasına dair danışıqlara başlayıb.

“Düşünürəm ki, ABŞ Administrasiyasının 2015-ci il nüvə anlaşmasına qayıtmağı yalvarmaqla İran qarşısında zəiflik nümayiş etdirməsi böyük yanlışlıqdır. Administrasiya Vyanada diz üstə çöküb, anlaşmaya qayıtmaq üçün yalvarıb. Bu isə təkcə İran deyil, bütün dünya qarşısında zəiflik nümayiş etdirtməkdir”, - deyə cənab Bolton CNN telekanalının efirində bəyan edib.

Onun fikrinə, heç nə İranın nüvə proqramından imtina edə biləcəyinə işarə etmir.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi dünən İran vətəndaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü, 45 yaşlı Şəhram Pursafi haqqında qiyabi ittiham irəli sürüb. Ş. Pursafi 2021-ci ilin oktyabrından Boltonun qətlini təşkil etməyə cəhddə ittiham olunur.

İttihamda bildirilir ki, Pursafi Boltonun öldürülməsi üçün əvvəlcə 250 min dollar təklif edib, sonradan təklifini 300 min dollara qaldırıb.

“Axios” nəşri isə mənbələrə istinadən keçmiş dövlət katibi Mayk Pompeoya qarşı da sui-qəsd hazırlandığını yazıb.