‘Cahangir Əsgərovun sifarişiylə mənə 8 il həbs cəzası verəcəklər’

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan işadamı İlqar İsmayılovun məhkəməsi davam edir

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan işadamı İlqar İsmayılov deyir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidenti Cahangir Əsgərovun sifarişiylə ona 8 il həbs cəzası veriləcək. Bu barədə ona mesaj göndərilib. İsmayılov bunu dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində açıqlayıb:

“Mən 2017-ci ildə olduğu kimi, yenə də eyni sifarişlə, eyni ittihamla həbsdəyəm. Məni gücü məndən qat-qat çox olan Cahangir Əsgərov həbs etdirdi. Qarşımda şərt qoydu və bütün mal-mülkümün əlimdən alınmasına razılıq sənədlərimə imza ataraq, həbsdən buraxıldım. Mənə xəbərdarlıq etdi ki, səsimi kəsim, sakit olum. Mən isə səsimi kəsmədim, yenə də əvvəlki kimi, sehrli çubuğunu qaldırıb, məni həbs etdirdi”.

“Şəxsin pulu və nüfuzu çox olanda...”

O vurğulayıb ki, qanun şəxsin eyni ittihamla iki dəfə məsuliyyətə cəlb olunmasını qadağan edir: “Görünür, şəxsin pulu və nüfuzu çox olanda, onun əmri qanundan üstün olur”.

8 aydır ki, günahsız həbsdə saxlandığını deyən iş adamının sözlərinə görə, məhkəmə boyu təqsirsiz olması sübuta yetirilsə də, haqqında 8 illik cəza hökmünün artıq hazır olması barədə mesaj alıb.

İsmayılov 6 aydır Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlərin ədalətli hökm çıxarmayacağına əminliyini ifadə edib. O, məhkəməyə yazılı şəkildə etiraz verib ki, onun işi ümumiyyətlə, bu məhkəmədən alınsın. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsində heç bir hakimin obyektiv qərar verəcəyinə inanmır:

“Bu məhkəmə Cahangir Əsgərovun təsiri altındadır. Onun əmrinin icra olunacağına zərrə qədər şübhəm yoxdur”.

İsmayılovun bu etirazının təmin edilib-edilməməsilə bağlı qərar növbəti məhkəmə iclasında məlum olacaq.

“500 min manatdan az olmayıb”

İş adamının vəkilləri bu etirazdan öncə məhkəmədə vəsatət qaldırıblar ki, AZAL prezidentinin xanımı Zərifə Həmzəyeva və “İdeal Kompani”də onu təmsil etmiş nümayəndəsi Fuad Əliyev çağırılıb dindirilsin. Çünki ittihamda iddia olunur ki, İsmayılov 2011-ci ildə “İdeal”ın səhmlərinin bir hissəsini Həmzəyevaya satıb, onunla şərik olandan sonra şirkətin gəlirlərini onun xəbəri olmadan, özbaşına götürüb şəxsi ehtiyaclarına xərcləyib. İsmayılov isə deyir ki, yalandır, mənfəət həmişə digər təsisçi olan Həmzəyeva ilə bölüşdürülüb. Pulu da AZAL prezidentinin xanımına şirkətdə nümayəndəsi olan Fuad Əliyev çatdırıb.

“Məhkəmədə dindirilən şahid Həbib Qarayev də bildirdi ki, gəlir kimi Zərifə Həmzəyevaya çatası vəsaiti dəfələrlə aparıb Fuad Əliyevə verib. Bu vəsaitlər də 500 min manatdan az olmayıb. Yazışmalardan da görünür ki, şirkətə faktiki rəhbərliyi Zərifə Həmzəyeva edib. Hətta şirkətə süpürgə alınmasından da xəbəri olub. Bütün məsələlər onun ətrafında cərəyan etdiyi halda, nədənsə, istintaq və məhkəmə onu dindirməyib”, – işadamının vəkilləri bildirib.

Lakin hakimlər nə Həmzəyevanın, nə də nümayəndəsinin dindirilməsinə ehtiyac duyub.

Qəbzlər ekspertizadan keçirilməyib

Müdafiə tərəfi cinayət işinin materiallarında olan qəbzlərlə bağlı ekspertiza keçirilməsini istəyib. İddia olunur ki, həmin qəbzlər İsmayılovun şirkətin kassasından özbaşına, digər təsisçi Həmzəyevanın xəbəri olmadan pul çıxarıb, özünə “Şəhər bağları”nda mənzil almasının sübutudur.

İsmayılov isə bildirib ki, sözügedən qəbzlər mötəbər sübut sayıla bilməz. Çünki onlar sənədin əsli yox, kserosurətdir. Üstəlik, bir çoxunda imzası və möhür də yoxdur. Bu səbəbdən vəkillər ekspertiza keçirilməsini istəyirdi.

Məhkəmə bu vəsatəti də təmin etməyib. Hakimlər məhkəmə araşdırmalarının yekunlaşdırılmasına qərar vermək istəyəndə İsmayılov bütövlükdə Bakı Ağır Cinayətlər Məhkəməsinə etiraz edib.

Xatırlatma

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır.

İş adamına CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb.

İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir.

Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib. Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.

AzadlıqRadiosu