16 November 2020

Qarabağ aksiyasında saxlanılan MBH üzvləri və digər fəallar ev dustaqlığına buraxıldılar

İyulun 14-dən 15-nə keçən gecə Bakıda “Qarabağa azadlıq!” şüarıyla keçirilən yürüşdən sonra həbs olunan 36 nəfərdən 21-i ev dustaqlığına buraxılıb. Noyabrın 16-da Səbail Rayon Məhkəməsi prokurorluğun vəsatəti əsasında onların barəsindəki həbs-qətimkan tədbirini dəyişib.

 

Qarabağ yürüşünə görə həbs olunan 36 nəfərdən 21-nin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Dövlət İttihamını müdafiə edən prokurorun vəsatətinə baxılıb. Vəsatət təmin olunub.

Zöhrab Mnatsakanyan istefa verdi

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan öz feysbuk hesabında istefa ərizəsinin fotosunu paylaşaraq məlumat verib.

“Xahiş edirəm, mənim istefamı qəbul edin. Mənə etibarınız üçün təşəkkür edirəm”, - deyə XİN rəhbəri ərizədə yazıb.

ABŞ Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri azad etməyə çağırır

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək məsələri üzrə Bürosu Polad Aslanov da daxil olmaqla, Azərbaycanda həbsdə olan jurnalistləri azad etməyə çağırıb (Turan, 15 noyabr). Büronun yaydığı açıqlamada Aslanovun 2019-cu ilin iyun ayında İrana dini ziyarətin "asanlaşdırılması” ilə bağlı təhlükəsizlik işçilərinin qanunsuz biznesi barədə ifşaedici məqalələr dərc etdikdən sonra həbs olunduğunu və özünə qarşı yalan ifadə verməyə məcbur edildiyi, qapalı ona 17 il həbs cəzası istəndiyi bildirilir.

Rusiyadan Ermənistana daha 20 təyyarə uçub

Rusiya sülhməramlılarını və hərbi texnikasını gətirən daha 20 hərbi təyyarə Yerevana enib.

15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu iki "An-124” və "İl-76” tipli 18 hərbi nəqliyyat təyyarəsi noyabrın 16-da Yerevana enib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunub ki, Ermənistana gətirilmiş 58 avadanlıq zirehli personal daşıyıcılardan, yük maşınlarından, avtosisternlərdən, ekskavatorlardan və digər maddi-texniki avadanlıqlardan ibarətdir.

Belarusda aksiyalar: 700-dən çox saxlanan var

"Vesna” insan haqları mərkəzinin məlumatına görə, noyabrın 15-də Belarusun müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında 722 nəfər saxlanıb (TASS, 15 noyabr).

Onların əksəriyyəti Minskdə nəzarətə alınıb. Saxlananlar arasında Brest, Bobruisk, Vitebsk, Grodno, Novopoltsk, Mogilyov və digər şəhərlərin sakinləri də var.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib.

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko səslərin 80,1% -ni toplayaraq altıncı dəfə prezident seçilib, Tixanovskaya isə ikinci yeri tutub.

Ekoloji terrorun qarşısının alınması ilə bağlı çağırış

Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, təcavüzkar Ermənistan tərəfindən davam etdirilən ekoloji terrorun qarşısının alınması ilə bağlı təcili tədbirlərin görülməsinə çağırış edir.

Operativ.tv xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) məlumat yayıb.