“Cəmiyyətdəki siyasi apatiyanın əsas səbəbi siyasi partiyalara və siyasətçilərə olan etimadsızlıqdır”

Rəy sorğusu insanların böyük kəsiminin siyasi məlumatlı olduğunu göstərib

“İmpuls” Tədqiqat Mərkəzi 2020-ci ilin iyun-avqust aylarında “Azərbaycan vətəndaşlarının sosial-iqtisadi və ictimai-siyasi baxışlarının ölçülməsi” ilə bağlı rəy sorğusu keçirib.

Mərkəzin yaydığı məlumatda deyilir ki, sorğu 3 əsas böyük şəhər (Bakı-Sumqayıt-Gəncə) daxil olmaqla 19 inzibati ərazi vahidi üzrə 1107 respondent arasında həyata keçirilib. Respondent seçimi ölkədə olan gender və müxtəlif sosial qrupların mövcud nisbəti əsasında edilib. Sorğuda iştirak edənlərin 50,2% qadın, 49,8% kişi olub.

Məlumata görə, sorğuya cəlb edilən respondentlər 5 yaş qrupuna bölünüb.

Sorğu ölkədə əhalinin ictimai-siyasi, sosial-iqtisadi vəziyyətlə bağlı ümumi düşüncələrini, habelə seçki institutuna olan münasibətini, informasiyaya çatımlılığını, xüsusilə siyasi məlumatlılığını, siyasi partiyalara və siyasətçilərə yanaşmasını, siyasi iştirakı və siyasi apatiyanın səbəblərini araşdırmaq məqsədilə həyata keçirilib.

Mərkəzin məlumatında deyilir ki, Azərbaycan cəmiyyətində uzun illər irəli sürülən bir tezis mövcud olub:

“Cəmiyyətin böyük kəsimi siyasi məlumatlı deyil və bu da özünü siyasi aktivliyin çox aşağı olmasında göstərir, digər tərəfdən siyasi iştirakçılığın çox aşağı olması siyasi apatiyaya bağlıdır, vətəndaşların siyasi apatiyada olması isə başlıca olaraq siyasi aktorlara olan etimadsızlıq və seçki instutuna inanmsızlıqdan irəli gəlir.”

Həyata keçirilən sorğunun nəticələrinin analizi əhalinin siyasi məlumatsızlığına dair irəli sürülən tezis istisna olmaqla sadalanan digər fikirlərin demək olar ki, hamısını təsdiqləyib.

Sorğunun nəticələri göstərib ki, əhalinin böyük kəsimi (81,5%-i) siyasi məlumatlıdır və onun da böyük hissəsi 46,8%-i (33,%+13,5%) məlumatları sosial şəbəkə və internetdən alır, yerli TV-ləri isə əhalinin yalnız 29%-i izləyir.

İctimai rəy sorğusunun analizi göstərib ki, ölkə insanı üçün əsas dəyər ailə institutudur, ölkəmiqyaslı başlıca problem Qarabağ münaqişəsidir (32.6%-i), ondan sonra isə sosial-iqtisadi problemlərdir (27.7%). Respondentlərin 70,42%-i əhalinin pis və çox pis yaşadığını hesab edir.

Rəyi soruşulanların 77%-nin fikrincə, ölkənin xoşbəxt gələcəyi güclü liderə sahib olmaqla birbaşa bağlıdır. Ölkə insanı üçün vacib olanı ölkəni idarə edən şəxsin ilk növbədə ciddi sosial-iqtisadi çətinliklər yaşayan cəmiyyətin problemlərini həll etməsi və ədaləti təmin etməsidir. Qeyd edək ki, sorğudakı digər sualların cavablarının təhlili də göstərib ki, partiya institutu lider institutundan daha zəifdir.

Sorğunun nəticələrindən belə qənaətə gəlmək olar ki, bu gün Azərbaycan cəmiyyətində “mən siyasətə qarışmıram”yanaşması respondentlərin böyük hissəsinin (79,2%) ümidsiz və passiv olması ilə əlaqədardır. Sorğuda iştirak edən respondentlərin 82%-i vəziyyətin dəyişməsini istəyir, 28,5% respondent isə cəmiyyətin xoşbəxtliyinin vətəndaşların ictimai-siyasi birliklərdə aktiv iştirakından asılı olması fikrilə tamamilə razı olduğunu ifadə edib:

“Lakin bu seqment, siyasi iştirakçılığın vacibliyini nəzəri olaraq ifadə edib, yəni onların heç də hamısı şəxsən öz rollarını nəzərdə tutmurlar. “Sizcə, ölkədəki vəziyyəti qoruyub saxlamaq, yoxsa dəyişmək lazımdır; və siz bunun üçün nə etməyə hazırsınız?” sualına cavab verən respondentlərin, yalnız 11%-i siyasi aktivliyə, yəni inana biləcəyi partiyaya bu və ya digər şəkildə dəstək verməyə hazır olan, başqa sözlə, siyasi aktiv kəsimdir. Respondentlərin 22%-i isə siyasi iştiraka, yəni seçkidə iştiraka hazır olan kəsimdir. Bu sualdan da göründüyü kimi əgər inandığı siyasi qüvvə seçkidə iştirak edərsə, yalnız 22% vətəndaş seçkiyə getməyə hazırdır. Respondentlərin ümumiyyətlə ölkədə seçki institutuna etibar edib-etmədikləriniaraşdırdıqda məlum olub ki, onların toplam 82,1%-i ölkədə azad seçki olmadığını hesab edir”.

“Say olaraq ən yüksək yaş qrupu - 25-44 yaş qrupunun (48,4%-in) siyasətə maraq göstərmə (siyasi xəbərlərlə maraqlananların) faizi 36% olsa da, burada aktiv siyasi fəaliyyətə getməyə razı olanlar 10.4% təşkil edib. Bunun başlıca səbəbi siyasi səhnənin oyunçularına inamsızlıqla əlaqəli olsa da, görünür, 25-44 yaş qrupunun özəlliyindən irəli gələn başqa bir səbəb də var. Böyük ehtimal ki, bu yaş qrupunun qapalı cəmiyyətdə həm də siyasi perspektivlərə ümidsizlikdən qaynaqlanan karyeranı qoruyub saxlama qayğıları var”, - məlumatda deyilir.

Mərkəz qeyd edir ki, sorğunun nəticələrinə söykənərək cəmiyyətdə hökm sürən siyasi apatiyanın başlıca səbəbinin mövcud siyasi partiyalara və siyasətçilərə olan etimadsızlıqdan irəli gəldiyini demək olar. Siyasi partiyalara (həm hakim, həm müxalifət partiyalarına) respondentlərin 31,63%-i dəstək verib. 68% respondent isə mövcud siyasi partiyalardan heç birinə etimad göstərməyib. Ölkənin siyasi səhnəsində görünən bütün siyasətçilər respondentlərin toplam 42,87%-in səsini qazanıb. 57% respondent isə nə hakimiyyətdə, nə də müxalifətdə təmsil olunan siyasətçilərə güvənmədiklərini ifadə ediblər.

“İmpuls” Mərkəzi keçirdiyi sorğudan bu nəticəyə gəlib:

“İnsanların böyük kəsimi siyasi məlumatlıdır. Siyasi məlumatlılıq siyasi proseslər haqqında fikir formalaşmasına imkan yaradır və nəticə etibarilə siyasi davranışı tənzimləyir. Görünən odur ki, vətəndaşlar siyasi davranışlarında passiv mövqe tutaraq şüurlu şəkildə siyasi proseslərdə (istər siyasilərə dəstək verməkdə, istərsə də seçkidə) iştirakdan imtina edir. Siyasi apatiya kimi görünən cəmiyyətin bu halının ən başlıca səbəbi inamsızlıqdan, etimadsızlıqdan və ümidsizlikdən qaynaqlanır”.