CNN: Rusiya qüvvələrinə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etmək üçün təlimlər başlayıb

 Rusiya qüvvələrinə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etmək üçün təlimlər bir neçə həftə əvvəl İranda başlayıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə CNN ABŞ mənbələrinə istinadən iddia irəli sürüb.

Amerika rəsmisi şəbəkəyə bildirib ki, İrandan Rusiyaya pilotsuz təyyarələrin təhvil verilməsinə dair razılaşma çərçivəsində Rusiya rəsmiləri son bir neçə həftə ərzində İranda təlim keçiblər.

Bir ay əvvəl Amerika rəsmiləri bildirmişdilər ki, İran bu ölkənin Ukraynaya hücumunda istifadə edilmək üçün Rusiyaya döyüş pilotsuz təyyarələri satmağı planlaşdırır.

O zaman Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Rusiyanın İrandan “yüzlərlə pilotsuz uçan aparat” almaq istədiyini bildirərək, əlavə edib ki, ABŞ kəşfiyyatı İranın Rusiya qüvvələrinə bu pilotsuz təyyarələrdən istifadə üzrə təlim keçməyə hazırlaşdığını göstərir.

Bu xəbəri elan etdikdən bir neçə gün sonra CNN bildirdi ki, İran iyun ayında Kaşandakı bazada idarə olunan raketləri daşıya bilən Şahid-191 və Şahid-129 pilotsuz təyyarələrini Rusiya rəsmilərinə nümayiş etdirib.