Dini Komitənin yarımmilyonluq tenderini kimlər qazanıb?

Şirkətlərin hamısı eyni ayda yaradılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu ilin mayıda 5 tender keçirib və 5 şirkət 896000 manat udub. Tenderlərin hamısı may ayında keçirilir, hətta dördü eyni gündə baş tutub.

Rəşad Əliyev adlı “Facebook” istifadəçisinin apardığı araşdırma ilə məlum olub ki, bu şirkətlərin hamısının hüquqi ünvanı eyni ərazidir. Hətta dörd şirkət tamamilə eyni ünvanda (Alatavada) yerləşir və hamısı da 2020-ci ilin fevral ayında yaradılıb. Hətta şirkətlərdən ikisi eyni ünvanda və eyni gündə təsis edilib.

Verilən tenderlər bunlardır:

- “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” (yazı müsabiqəsi ilə birgə), “Milli-mənəvi dəyərlərimiz və media” (yazı müsabiqəsi ilə birgə) mövzusunda konfranslar, “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninqlər (188.800 AZN )

- “Müasir reallıqlar kontekstində dövlət və din” və “Aşura mərasimləri: tarix, ənənə və müasirlik” mövzusunda seminar-müşavirələr (179.140 AZN)

- “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakıətrafı qəsəbə və kəndlərdə seminar-treninqlər, “XXI əsrdən baxış: din və qadın” mövzusunda keçirəcək regional konfranslar (186.500 AZN)

- “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfranslar və “Dini maarifləndirmə sahəsində başlıca vəzifələr” mövzusunda regional müşavirələr (162.600 AZN)

- Bakı şəhərində keçiriləcək konfranslar (179.000 AZN)

Şirkətlərin hamısı eyni anda yaradılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Babadağ” MMC, “Zərdər” MMC və “Büllur-M” MMC ilə toplam dəyəri 528 240 AZN olan müqavilə imzalayıb.

“Babadağ” MMC 186 500 manata “XXI əsrdən baxış: din və qadın” mövzusunda keçirəcək regional konfransların , “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakıətrafı qəsəbə və kəndlərdə seminar-treninqlərin, “Zərdər” MMC 179 140 manata “Müasir reallıqlar kontekstində dövlət və din” və “Aşura mərasimləri: tarix, ənənə və müasirlik” mövzusunda seminar-müşavirələrin, “Büllur-M” MMC isə 162 600 manata “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” və “Dini maarifləndirmə sahəsində başlıca vəzifələr” mövzusunda keçiriləcək regional müşavirələrin təşkilatı işlərini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr xidmətinin məlumatlarına görə, qanuni təmsilçisi Xəyal Aqil oğlu Mustafazadə olan “Babadağ” MMC 10 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı - Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131.

“Büllur-M” MMC bu il fevralın 6-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin də hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131 göstərilir. Şirkətin qanuni təmsilçisi Məmmədhüseyn Məmmədhüseyn oğlu Hümbətovdur.

Natiq Yavər oğlu Sadıqovun qanuni təmsilçisi olduğu “Zərdər” MMC 27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 20 manatdır, hüquqi ünvanı kimi Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95 göstərilib.

Şirkətlərin üçü də eyni anda – bu ilin fevralında yaradılıb. “Babadağ”ın qanuni təmsilçisi Xəyal Mustafazadə həm də “Xəmsə” MMC-nin, “Büllur” MMC-nin qanuni təmsilçisidir. Məmmədhüseyn Hümbətov isə həm də “Çinar-N” MMC-nin hüquqi sahibidir. Bu şirkətlər də 2020-ci ilin fevral ayında təsis edilib. Hüquqi ünvanları olaraq isə Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131 göstərilib.

“Xəmsə” və “Çinar” MMC-lər bir müddət əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olub.

2020-ci ilin aprel ayının 17-də Füzuli rayon İcra Hakimiyyəti 3 tenderə yekun vurub. “Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun təmiri" lotu üzrə tenderin (199.326 manat) qalibi "ÇİNAR-N" MMC, "Horadiz şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri" lotu üzrə tenderin (199.221 manat) qalibi "XƏMSƏ-M.X" MMC-dir.

Dini Komitə aydınlıq gətirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələyə ilə bağlı açıqlama yayıb.

Məlumatda deyilir ki, qurumun vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və bu sahədə maarifləndirmə işinin aparılması daxildir:

“Dövlət Komitəsinin fəaliyyətinin tərkib hissəsi kimi təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq maarifləndirmə işi çərçivəsində müxtəlif mövzularda Bakı şəhərində və regionlarda 2020-ci il üçün nəzərdə tutulan tədbirlərin keçirilməsi məqsədilə 19 fevral 2020-ci il tarixində 5 açıq tender elanı verilib.

Açıq tenderin keçirilməsində hansısa qanun pozuntusuna yol verilməyib. Ümumiyyətlə, açıq tenderlərin keçirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etender.az portalı vasitəsi ilə onlayn qaydada həyata keçirilir. Qanunvericiliyə əsasən də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi məcburidir. Sahibkarlıq subyektləri də istənilən tenderin iştirak haqqını ödəməklə şərtlər toplusunu onlayn olaraq əldə edir və lazımi sənədləri onlayn qaydada təqdim etməklə tender təklifini verir. Ən aşağı qiymət təklifi təqdim edən təşkilat qalib elan olunur. Tender prosedurunda ən azı üç sahibkarlıq subyektinin təklif verməsi tələb edilir. Əks təqdirdə tender baş tutmamış sayılır. Tenderdə hər subyektin yalnız 1 təklif təqdim etməsi tələb olunur. Tender iştirakçıları arasında sövdələşmə ehtimalının ola biləcəyi təsdiqlənərsə, həmin iştirakçılar tender prosedurundan kənarlaşdırılır”.

Komitə bildirir ki, bütün proseslər onlayn qaydada və tam qanunauyğun formada şəffaf həyata keçirilib:

“Qalib təşkilatlarla müqavilə bağlanılıb, lakin pandemiya ilə əlaqədar ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi qeyri-müəyyən zamana təxirə salındığından elan olunmuş tədbirlər keçirilməyib və bağlanılmış müqavilələr üzrə Dövlət Komitəsi hansısa ödəniş həyata keçirməyib.

Bir daha bildiririk ki, Dövlət Komitəsinin pandemiya dövründə təşkil etdiyi bütün tədbirlər onlayn formatda olub və bunun üçün dövlət büdcəsindən 1 manat da olsun vəsait xərclənməyib. Əvvəlcədən nəzərdə tutulmuş maarifçilik işinin pandemiya dövrünün tələbləri nəzərə alınmaqla onlayn formatda həyata keçirilməsi üçün Dövlət Komitəsinin imkanları səfərbər olunub, əməkdaşlarımızın bir hissəsinin bu istiqamətdə fəaliyyəti evdən təşkil edilib. Odur ki, qarşı tərəfin mövqeyini öyrənmədən, sadəcə rəqəmlərə istinad etməklə fikir yürütmək, qanuni keçirilmiş tenderə kölgə salmaq, üstəlik dövlət qurumunu ümumiyyətlə toxunulmayan maliyyə vəsaitindən düzgün istifadə etməməkdə günahlandırmağı açıq-aydın məqsədyönlü qaralama və qərəz kimi görürük”.