Elçin Qasımlı Sabunçu Rayon Polis İdarəsindən buraxılıb (yenilənib)

Bir neçə dəqiqə öncə Elçin Qasımlı Sabunçu Rayon Polis İdarəsindən buraxılıb. Müdafiə Xətti və MBH-nin birgə brifinqinə qatılan ilahiyyatçı idarəyə dəvətinin səbəbini iki gün öncə işgəncəyə məruz qalmış hərəkat üzvləri Süleyman Ələkbərov və Mail Kərimovla bağlı olduğunu söyləyib. Baş idarə işgəncə faktları ilə bağlı araşdırma üçün hər iki şəxsin idarəyə gəlməsini və şikayət ərizəsi ilə onlara müraciət etməsini istəyib.  

*****

Müsəlman Birliyi Hərəkatı sədr müavini ilahiyyatçı Elçin Qasımlı bu səhər 14-cü polis bölməsi tərəfindən Sabunçu Rayon Polis İdarəsinə dəvət olunub. Bu barədə məlumatı ilahiyyatçı öz rəsmi səhifəsində paylaşıb. Eyni halda o, polis idarəsinə dəvətinin səbəbini soruşsa da, ona bu barədə məlumat verilməyib. Hal-hazırda E. Qasımlı baş polis idarəsindədir.

Xatırladaq ki, hərəkatla bağlı gərginliyin yaşandığı son günlərdə üç hərəkat üzvü 30 sutka inzibatı cəza, iki fəal isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmışdı. Bu hadisə haqlı narahatlıqlara səbəb olmuş və bununla bağlı bu gün “Müdafiə Xətti” hüquq təşkilatı və MBH saat 14:00-da birgə mətbuat konfransı keçirməli idi. Elçin Qasımlının idarəyə dəvətinə səbəb də mövcud hadisələrin olduğu ehtimal edilir.