Elektron nəzarət vasitəsi: yeni qayda təsdiqlənib

Nazirlər Kabineti ictimai işlər növündə cəza çəkən və ya inzibati tənbeh tətbiq olunmuş şəxsin elektron nəzarət vasitəsindən istifadə qaydasını təsdiqləyib.

Elektron nəzarət vasitəsi şəxsin müəyyən edilmiş vaxt ərzində ictimai işlərin yerinə yetirilməsi yerlərində olmasını avtomatlaşdırılmış rejimdə izlənməsini təmin edən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Onun tətbiqi Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin elektron nəzarət üzrə altsistemi vasitəsilə həyata keçirilir.

Novator.az bildirir ki, qaydaya görə, şəxsə istifadə üçün elektron nəzarət vasitəsini onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əsasında icra məmuru (probasiya üzrə) təqdim edir. Yaşadığı yer üzrə yerli probasiya qurumuna gəlmiş (gətirilmiş) nəzarət subyekti informasiya sistemində qeydiyyata alınır və ona nəzarət subyektinin eyniləşdirmə nömrəsi verilir. İcra məmuru (probasiya üzrə) elektron nəzarət vasitəsini istifadə üçün təqdim edərkən yeni nəzarət subyektinin fərdi identifikasiya nömrəsini, soyadını, adını, atasının adını, doğum tarixini, əl-barmaq izini, eyniləşdirmə nömrəsini, verilmiş cihazın seriya nömrəsini və tələb olunan digər məlumatları elektron nəzarət sisteminə daxil edir. İcra məmuru elektron nəzarət vasitəsini təqdim etdikdən sonra cihazın aktivləşdirilməsi üçün şəxsin əl-barmaq izindən istifadə etməklə monitorinq mərkəzinə elektron sorğu göndərir. Monitorinq mərkəzində məsul növbətçi dispetçer daxil olan sorğunu yoxlayır və nəzarət subyektini izləmə siyahısına daxil edərək elektron nəzarət vasitəsini aktivləşdirir. Bütün texniki proseslər yekunlaşdıqdan sonra icra məmuru nəzarət subyektinə təqdim edilən elektron nəzarət vasitəsinin sınaq məqsədilə izləmə şərtlərini və işlək vəziyyətdə saxlanmasına dair tələbləri pozan hərəkətləri etməməyi tapşırır və həmin nəzarət vasitəsinin monitorinq mərkəzində qeydə alınan izləmə məlumatları ilə, habelə təqdim edilmiş cihaza daxil olan xəbərdarlıq siqnalları ilə uyğunluğunu yoxlayır.

Nəzarət subyektlərinin izlənməsini monitorinq mərkəzinin dispetçerləri həyata keçirir. İzləmə real vaxt rejimində aparılır.