Ermənistanın ən zəngin insanı həbs edilib

Dünən axşam saatlarında Yerevan məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının lideri, ölkənin ən zəngin insanı Qagik Tsarukyanı həbs edib.

O, böyük ölçüdə vergilərdən yayınmaqda, fırıldaqçılıqda və digər cinayətlərdə ittiham olunub. O, uzunmüddətli həbs cəzasına məhkum oluna bilər.

Maraqlıdır ki, Tsarukyan Nikol Paşinyanın hakimiyyətə gəlişini dəstəkləyənlərdən biri olub, amma sonradan onlar arasında kəskin fikir ayrılıqları yaranıb.

İş o yerə çatıb ki, Tsarukyan açıq-aşkar Paşinyanı istefaya çağırıb, əks halda Ermənistanı fəlakət gözlədiyini qeyd edib.

Daha sonra Tsarukyan daşnaklar və keçmiş təhlükəsizlik naziri Vanetsyanla ittifaq qurub və oktyabrın 8-də Paşinyan hökumətinin istefası tələbi ilə üç partiyanın birgə mitinqi keçiriləcəyini bəyan edib.

Beləliklə, parlamentin üç siyasi fraksiyasından ikisi hələlik çoxluğa malik olan və qanunverici orqan üzərində nəzarəti əlində saxlayan hökumətə müxalif olub.

Göründüyü qədər, payızda Ermənistanda vəziyyətin gərginləşəcəyi haqqında proqnozlar özünü doğrultmağa başlayır.