Estoniyanın baş naziri korrupsiya ittihamlarına görə istefa verdi

Estoniyanın baş naziri Yuri Ratas vəzifəsindən istefa verdiyini bəyan edib. 
 
"İnterfaks"ın yanvarın 13-də verdiyi xəbərə görə, bu barədə baş nazir özünün "Feysbuk" hesabında açıqlama yayıb. 
 
"Siyasətdə çətin vəziyyətləri həll etmək üçün çox çətin seçimlər etməli olursan. Bu gün yaranan vəziyyətlə bağlı dəyərlərimə sadiq qalaraq, Estoniya Respublikasının baş naziri vəzifəsindən istefa vermək qərarına gəldim”,- deyə Ratas qeyd edib.
 
O, qərarını partiya üzvləri və yaxın həmkarları ilə məsləhətləşmələrdən sonra verdiyini, müxtəlif həll yollarının olduğunu, ancaq yalnız istefa verməyin düzgün qərar olduğunu bəyan edib. 
 
Ratas ona 4 il Estoniyanın baş naziri vəzifəsində xidmət etmək imkanı yaradıldığına görə təşəkkür edib və siyasətçinin istefaya da hazır olmalı olduğunu deyib. 
 
Estoniyada Yuri Ratasın üzv olduğu Mərkəzi Partiyaya hüquqi şəxs qismində, partiyanın beş nəfər üzvünə isə fiziki şəxs qismində korrupsiya ittihamları irəli sürülüb. Partiya qanunsuz yol inşaatından bir milyon dollar ianə almaq cəhdində günahlandırılır.