Fars Körfəzində İran və ABŞ gəmiləri arasında gərginlik yaşanıb

Fars Körfəzində İranın hərbi qayıqları ilə ABŞ-ın gəmiləri arasında gərgin anlar yaşanıb. Xəbərdarlıq atəşi açılıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ mənbələrinə istinadən məlumat dərc edib.

Bildirilib ki, İran İslam İnqilabı Keşikçilər Ordusunun sürətli hərbi qayıqları Fars Körfəzində hərəkətdə olan iki ABŞ gəmisinə həddən artıq yaxınlaşıb və manevrələr ediblər.

Məlumata görə İranın hərbi qayıqları gəmilərin 46 metr yaxınlığına qədər gəliblər.

ABŞ-ın “USS Sirocco” və hərbi yük daşıyan gəmisi “USNS Chounth” tərəfindən iki dəfə İran qayıqlarına xəbərdarlıq olaraq havaya atəş açılıb.

Bir saat sürən gərginlikdən sonra İranın sürətli hərbi qayıqları ərazidən uzaqlaşıblar.

ABŞ Ordusunun Mərkəzi Komandanlığı CENTCOM-un mətbuat katibliyi bəyanat yayaraq İran tərəfinin addımının “dənizdə təhlükəsizlik qaydaları ilə və peşəkar davranışlarla uyğun gəlmədiyini bildirib.”

İran tərəfi hələ bu məlumata münasibət bildirməyib.