Əfqanıstanda zəlzələdə ölənlərin sayı 255-ə çatıb

Əfqanıstanın şərqində yerləşən Paktika və Host əyalətlərində ötən gecə baş vermiş 6 ballıq zəlzələdə ölənlərin sayı 255-ə çatıb.

Operativ.tv APA -ya istinadən xəbər verir ki, daha 150 nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, yeraltı təkanlar nəticəsində bir neçə ev dağılıb. Hazırda meyitlərin dağıntılar altından çıxarılması üçün işlər aparılır.

Bundan əvvəl zəlzələ nəticəsində 50 nəfərin öldüyü, 65 nəfərin xəsarət aldığı açıqlanmışdı.

Yerli “TOLOnews” telekanalı yerli hakimiyyət orqanlarına istinadən fəlakət zonasında axtarış-xilasetmə işlərinin davam etdirildiyi barədə məlumat yayıb.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə yeraltı təkanlar Əfqanıstanın paytaxtı Kabillə yanaşı 500 kilometr radiusda yerləşən Hindistan və Pakistan ərazilərində hiss olunub.

"Təəssüf ki, ötən gecə Paktika vilayətinin dörd rayonunda yüzlərlə sakinin həlak olması və yaralanması, onlarla evin dağılması ilə nəticələnən güclü zəlzələ oldu. Biz faciənin miqyasının daha da böyüməməsi üçün bütün yardım agentliklərini təcili şəkildə əraziyə öz komandalarını göndərməyə çağırırıq ”, - deyə hökumətin mətbuat katibi Bilal Karimi “Twitter“də paylaşım edib.

ABŞ Geoloji Müşahidə mərkəzinin məlumatına görə 6,1 bal gücündəki zəlzələ insanların yatdığı ilkin saatlarda baş verib və episentri 51 km dərinlikdə yerləşib.