Fransa səfiri Senatın Qarabağla bağlı qərarına münasibət bildirdi

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Senatında qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasını tövsiyə edən qərarın qəbuluna münasibət bildirib:
 
"Aydın olsun deyə bir daha təkrar edim.Dünən axşam Fransa hökumətinin naziri Senatda bunları deyib: "Fransa hökumətinin siyasəti birtərəfli qaydada "Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq. Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti sayəsində deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq” - Zaxari Qross bu barədə noyabrın 26-da özünün "Tvitter" hesabında belə yazıb. 
 
Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma rejimin "müstəqilliyinin” tanınmasının zəruriliyi barədə qətnamə qəbul edib. Senatın 305 senatoru qətnamənin qəbulunun lehinə səs verib. Cəmi bir nəfər əleyhinə çıxıb, 30 senator isə bitərəf qalıb. Azərbaycanın Xarici İşlər Nazirliyi qətnamənin qəbulunu pisləyib.