Gecə növbələri ürəyin sağlamlığına necə təsir edir?

Növbəli iş qrafikində çalışanlar bilirlər: gecələr işləmək həm adamı yorur, həm də yuxusuzluq problemi yaradır. Bəs bu iş rejiminin ürəyə də mənfi təsir etdiyini bilirdinizmi?

Yeni bir araşdırmanın nəticələrinə görə, gecə növbəsi beynin və ürəyin bioloji saatlarının harmoniyasını pozaraq ürək xəstəliklərinə də səbəb ola bilir.

Britaniyanın Cambridge Universitetinin molekulyar biologiya mütəxəssisləri ürəyin hər bir hüceyrəsinin bioloji saatının fəaliyyətini - gün ərzində hüceyrələrin kimyəvi balansını dəyişən prosesi araşdırıblar.

İnsan bədəni aktiv olanda ürək də çox işləyir, yəni daha sürətlə vurur.

Araşdırmaya rəhbərlik etmiş John O'Neill deyir ki, ürəyin necə döyündüyü iki faktorla müəyyən edilir: beyindən gələn siqnallar və hər bir ürək hüceyrəsindəki natrium və kaliumun səviyyəsi.

"Sağlam insanlarda bu saysız-hesabsız hüceyrə saatları bir-biriləriylə sinxron çalışır" - O'Neill belə deyir.

Amma araşdırma göstərir ki, iş qrafikimizin dəyişməsinə beynimiz daha tez, bədən hüceyrələrimizin bioloji saatları isə nisbətən gec uyğunlaşır.

"Bir neçə gün ərzində beyin ürəyin ənənəvi rejiminə uyğun olmayan siqnallar ötürür. Ona görə də növbəli işlərdə çalışanların orqanizmi sağlamlıq problemlərinə daha həssas ola bilər", - O'Neill deyir.

Həm gündüz, həm də gecə növbəsində işləmək ürəkdə müxtəlif nasazlıqlar yaranma riskini artırır.

Sağlamlıq riskləri

O'Neill deyir ki, ürək xəstəliklərinin ən qorxulusu "qəfil ürək ölümüdür":

"Bəzən ürək çaşır və bir müddət dayanır. Təcili tibbi yardım göstərilməsə, bu, xəstənin ölümüylə nəticələnə bilər".

Növbəli işin təkcə ürək xəstəliklərinə deyil, həzm və əhval pozuntusuna da səbəb olduğu bilinir. Bundan başqa, yalnız gündüz növbələrində işləyənlərlə müqayisədə hər iki növbədə işləyənlərin xərçəngə tutulma riski daha çoxdur.

"Epidemiologiya üzrə mütəxəssislərin araşdırmasına görə, orqanizmin bioloji saatının davamlı olaraq pozulması, məsələn, növbəli iş qrafikiylə çalışmaq gündə bir qutu siqaret çəkməyə bərabərdir" - O'Neill belə deyir.

Bəzi ölkələr gecə növbəsinin yaratdığı riskləri nəzərə alırlar.

Məsələn, Danimarkada 20 ildən çox gecə növbəsində işləmiş və xərçəngə tutulmuş şəxslər təzminat almaq hüququ qazanırlar.

Sağlam olmaq üçün bioloji saatlarımızın bir-biriylə harmoniyada çalışması lazımdır. Bunu təmin etməyin ən düzgün yolu gecə yatmaq, gündüz isə yemək yemək və işləməkdir. Ancaq dünyada milyonlarla insan gündüz növbəsində işləmək imkanından məhrumdur.

Yuxu mütəxəssisləri qeyd edirlər ki, gecələr işləməyin orqanizmə zərərini azaltmaq üçün bəzi addımlar ata bilərik.

Nə etməli?

Şotlandiyadakı Edinburgh Universitetinin yuxu və tənəffüs mütəxəssisi Renata Riha deyir ki, "Biz insanlar asanlıqla öz bioloji saatımızı da, beynimizdəki ana saatı da durdura bilərik".

Onun sözlərinə görə, ideal rejimdə işləyənlər əvvəlcə gündüz növbəsindən başlamalı, sonra nisbətən gec növbədə çalışmalı və nəhayət, tədricən gecə növbəsinə keçməlidirlər.

Ən azı iki həftə davam edən nisbətən uzun gecə növbəsi insan orqanizminin buna daha asan alışmasına kömək edir.

Riha onu da vurğulayır ki, yuxu hormonunun - melatoninin ifrazından məsul olan əsas saatın, sonra isə bədəndəki digər bioloji saatların yeni iş rejiminə alışması üçün təxminən bir həftə vaxt lazımdır.

Bundan başqa, Riha gecə növbələrində 20-30 dəqiqə yatmağı məsləhət görür.

Yetkin insanın orta hesabla 7-8 saat yuxuya ehtiyacı olduğu bilinsə də, hamının yuxu saatı eyni deyil.

Üstəlik, gündüz yuxusu gecə yuxusundan daha keyfiyyətsiz olur. Bu isə bədənin çox ehtiyac duyduğu istirahətdən məhrum olması deməkdir.

"Səssiz, sərin və qaranlıq otaqda yatmağa çalışın. Ya qalın pərdələr, ya da göz maskası vasitəsiylə gün işığının qarşısını alın. Otağınız çox istidirsə, yatağınızı sərinlətmək üçün bir yol tapın. Məsələn, soyuq yastıq və ya ventilyatordan istifadə edin. Otaq temperaturunu aşağı salmaqla bədəninizi aldadıb onu yatmaq vaxtı olduğuna inandıra bilərsiz".

Doğru zamanlama

İdmanla məşğul olmaq, yaxşı və balanslı qidalanmaq da gecə növbəsinin mənfi təsirlərini azalda bilər. Ancaq burada vacib olan şey vaxtı düzgün bölməkdir.

Qidalanma və idman insulin hormonunu və bədənin istiliyini dəyişdirərək orqanizmin bioloji saatlarına birbaşa təsir göstərir.

Yeni "gündüz" və "gecə" nizamına alışması üçün bədənimizi kiçik hiylələrlə aldatmaq olar.

Gecə növbəsinə başlamazdan əvvəl yaxşı bir "səhər yeməyi" yemək, bədəni işığa məruz qoymaq, növbənin sonunda gündüz işığından və yeməkdən uzaq durmaq yeni gündüz/gecə düzəninə alışmağımıza yardım edə bilər.

"Hələ ki bioloji saatımızı yenidən işə salmağa kömək edəcək dərman icad edilməyib" deyən O'Neill gecə növbəsinə keçidlə bağlı aşağıdakıları da məsləhət görür:

"İlk gecə növbəsindən bir gün əvvəl rejiminizi dəyişməli və ona əməl etməlisiniz. Bu, gecələr işləməyə daha tez uyğunlaşmanıza və arzuolunmaz yan təsirlərin qarşısını almağa kömək edəcək".

Mənbə: BBC