Hacı Mövsüm Səmədov: "İrad tutulası o ölkələrdir ki, müharibədən qabaq Ermənistanı silahlandırıblar! O cümlədən İsrail!”

Giperssilka.ru xəbər verir ki, Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Dr. Mövsüm Səmədov İran özəl şirkətlərinin Xankəndi istiqamətində yanacaq daşıması ətrafında İran və Azərbaycan arasında yaranmış gərginliyə münasibət bildirib. AİP sədrinə məxsus rəsmi instraqram səhifəsində dr. M.Səmədov qeyd edib ki, ordumuzun erməni işğalçılarına qələbə çalmasından artıq bir il keçməsinə baxmayaraq təəssüflər olsun ki, Qarabağ probleminin yenə də ictimaiyyətdə və KİV-lərdə qabardılması səngimir, halbuki, Azərbaycan dövləti daha Qarabağ probleminin mövcud olmadığını bildirir.

“Azərbaycan dövlətinin özünün razılığı ilə yaranmış koridordan özəl şirkətlərin müxtəlif yanacaq və sair daşıyan maşınların Xankəndi istiqamətində hərəkət etməsinə irad tutulması məntiqə sığmır.

Birincisi, biz daha müharibə şəraitində yaşamırıq. Azərbaycan dövləti iqtisadi layihələrin olması üçün qarşı tərəfə (Ermənistana) yaşıl işıq yandırıb. Bundan əlavə, Xankəndidən çıxmış ermənilərin orada yenidən məskunlaşmasına dövlət tərəfindən icazə verilib. Onların Ermənistan ilə əlaqələrini qoruyub saxlayan rus qoşunlarının bizim ərazilərdə yerləşməsinə Azərbaycan dövləti şərait yaradıb.

Bu halda biz hansı şirkətə irad tuta bilərik ki, siz hər hansı bir ölkə ilə və yaxud Rusiyanın sülhməramlıları tərəfindən qorunan məntəqə ilə əlaqə saxlamayın?! Əgər ona irad tuturuqsa, niyə Türkiyədən Gürcüstan nömrələri ilə Ermənistana keçən maşınlara irad tutmuruq?

İkincisi, bizim iradımız məntiqlidirsə, bunun dövlətlərə nə aidiyatı ola bilər?”,

- məhbus AİP sədri bildirib. AİP lideri fikirlərini belə tamamlayıb:

 "İrad tutulası o ölkələrdir ki, müharibədən qabaq Ermənistanı silahlandırıblar! O cümlədən İsrail!!!”