Hacı Ramil Bədəlov: "İnsan hər zaman və həmişə Allahın nəzərini üzərində hiss etməlidir"

İlahiyyatçı Hacı Ramil Bədəlov növbəti cümə xütbəsini Bakının Sabunçu məscidində davam etdirib. "İlahi Məhəbbət" mövzusunda silsilə çıxışlar edən ilahiyyatçı bu həftə də mövzunu davam etdirib. İlahi məhəbbəti yaradan amilləri şərh edən ilahiyyatçı gözəl həyatın məhz ilahi məhəbbətin sayəsində mümkün olduğuna diqqət çəkib. Gözəl həyatın dörd düsturundan danışan Hacı Ramil, bu düsturun birinci pilləsinin Allahı unutmamaq olduğunu söyləyib. "İnsan hər zaman və həmişə Allahın nəzərini üzərində hiss etməlidir. O bunu özündə dəqiqləşdirməli və unutmamalıdır ki, Allah onun hər vəziyyətində görür. İkinci mərhələdə nemətləri unutmamaq lazımdır. İnsan Allahın ona verdiyi, sayıb bitməyəcək qədər çox olan nemətlərin sahibi olan Allahı unutmamalıdır. Üçüncü mərhələdə Allahın üzərimizdə olan haqqıdır. Bütün bu nemətləri, aldığımız nəfəsimizdən ağlımız alan bütün gözlə görünən və görünməyən nemətlərin sahibinin üzərimizdə olan haqqını xatırlamaqdır. Son olaraq Allahın razılığını ələ gətirmək. Bütün bunları başa düşən insan, zatən bir insanlıq nümunəsi olaraq qeyd edilənlərdən sonra əməllərində Allahın razılığını axtarmalıdır. O hər bir halında Allahı razı salmağa çalışmalıdır.
Bütün bunlar İlahi məhəbbəti yaradan amillərdir. Ancaq şübhəsiz, İlahi məhəbbət də bu işlərin həyata keçdiyi mərhələ kimi insan varlığına mərhələli surətdə daxil olur. Birinci mərhələdə məhəbbət külək, meh kimi insanın varlığına qədəm qoyur. Bu mehi qorumağı bacaran insan ikinci mərhələdə ilahi məhəbbətlə digər məhəbbətlər arasında mücadilə aparmağa başlayır. Mücadilədən, əldə olunan qələbədən sonra qəlb Allahın hərəminə çevrilir ki, bütün bunlar praktiki olaraq qazanılmalıdır. İlahi məhəbbətin praktiki qazanılma yolu insanın özünü, fikir və düşüncələrini nəzarətdə saxlamasıdır" Mövzunun davamını gələn cümə günü davam etdirəcəyini bildirən ilahiyyatçı dualarla günə son verdi.