Həbsdəki keçmiş deputat Avropa Məhkəməsinə şikayət edəcək

Vəkil: “Azərbaycan BMT-nin Hüseyn Abdullayevlə bağlı qərarını icra etməlidir”

Oktyabrın 14-də Ali Məhkəmədə həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, vaxtilə onlarla birlikdə işləmiş Namiq Babayevin kassasiya şikayətinə baxılıb. Onların üçü də şikayətlərində təqsirsiz olduqlarını vurğulayaraq, bəraət istəyirdilər.

İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.

H.Abdullayevin vəkili Cavad Cavadov Meydan TV-yə bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklər. Vəkil hesab edir ki, ölkə daxilindəki məhkəmələr ədalətli araşdırma aparmayıb, H.Abdullayevə qarşı qanunsuzluqlara hüquqi qiymət verməyib.

Vəkil xatırladıb ki, BMT-in Əsassız Həbslərlə bağlı İşçi Qrupu da bugünlərdə verdiyi qərarda H.Abdullayevin qanunsuz həbs olunduğunu, onun hüquq və azadlıqlarının pozulduğunu təsdiqləyib. C.Cavadov hesab edir ki, Azərbaycan BMT-yə üzv olan və təşkilatın qərarlarını icra etmək öhdəliyi olan ölkə kimi, H.Abdullayevin azadlığa buraxılması, onun həbsində iştirakı olan məmurların cəzalandırılması barədə qərarı da yerinə yetirməlidir: “Hüseyn Abdullayev barədə qərarı çıxaran Əsassız Həbslərlə bağlı İşçi Qrupu da BMT-nin bir strukturudur. Azərbaycan da bu təşkilatın üzvü kimi, onun qərarlarına hörmətlə yanaşmalıdır. Hüseyn Abdullayevin azadlığa buraxılmasıyla bağlı qərar da icra olunmalıdır”.

İşçi Qrupu H.Abdullayevin müraciətini araşdıraraq belə nəticəyə gəlib ki, həm Türkiyə, həm də Azərbaycan hüquq-mühafizə orqanları H.Abdullayevin hüquqlarını pozub. Azərbaycan hökuməti onu azadlığa buraxmalıdır.

İşçi Qrup hər iki hökuməti H.Abdullayevlə bağlı halların tam və müstəqil araşdırılmasını təşkil etməyə, onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı tədbirlər görməyə çağırıb.

Sənəddə yada salınıb ki, H.Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılıb. Türkiyə təhlükəsizlik orqanları onu 24 saat ərzində Azərbaycan hökumətinin təmsilçilərinə təhvil veriblər. Almaniyada siyasi sığınacaq almasına, bu ölkənin pasportunu daşımasına baxmayaraq, onlar onu məcburi şəkildə Bakıya gətiriblər: “Bu nə deportasiya, nə də ekstradisiya idi...”

Almaniyada siyasi mühacir kimi oturum almış H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə olarkən saxlanılıb və Azərbaycana təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib.

H.Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Z.Abdullayeva haqqında ittiham hökmü çıxarılıb - 4 min manat cərimə cəzasına məhkum edilib..

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir: “Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”.