İlqar Məmmədov: “İl ərzində 0.8% bahalaşma olacaq”

"Dünən benzin 11%, dizel isə 33 % qiymətdə artdı. Bunun nəticəsində bütün digər mal və xidmətlərin qiyməti il ərzində 0.8 faiz artacaq”.
 
REAL Partiyasının sədri İlqar Məmmədov özünün "Feysbuk” hesabında belə yazıb.
 
O həmçinin qeyd edib ki, 2019-cu illə müqayisədə bu ildən  alıcılar benzinə 194 milyon, dizelə isə 195 milyon manat, ümumilikdə isə 389 milyon əlavə pul xərcləməli olacaqlar, əvvəlki illərdə isə benzinə 1.7 milyard, dizelə isə 0.6 milyard manat xərclənib.
 
İlqar Məmmədov digər sahələrdə də qiymət artımı olacağını istisna etmir:
 
"Avtomobil sahibləri bu əlavə xərci tədricən özlərinin satdığı mal və xidmətlərin qiymətinə ötürəcəklər və qiymətlər il ərzində 0.8 faizə qədər artacaq”.
 
Partiya sədri bildirir ki, tədricən bəzi mal və xidmətlərdə də müəyyən bahalaşmanın olacağı nəzərə alınmalıdır:
 
"Ümumi mənzərə aydındır: təkcə benzin-dizel səbəbilə il ərzində qiymətlər yuxarı-aşağı 0.8 faiz artacaq, amma bu, mallara və xidmətlərə tələbatın böyüməsindən doğan artım yox, yanacaq "vergi”si səbəbindən baş verəcək qiymət artımıdır”.
 
 İ.Məmmədov iqtisadi çətinliklərin bununla bitmədiyini bildirir: 
 
"Dəfələrlə dediyim kimi, ölkədə orta və uzun müddətli perspektivdə "pul yoxdur”. Pulu ancaq qanun aliliyinə, iqtisadi sərbəstliyə əsaslanan iqtisadi mühit və siyasət gətirə bilər. Bu isə həqiqi mənada islahat demək olacaq, baş tutsa”.
 
Tarif Şurasının qərarına əsasən, yanvarın 5-dən etibarən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
 
Dünən dəyişikliklə bağlı qəbul edilən bu qərar ölkədə bir mənalı qarşılanmayıb, bir çox insanın etirazına səbəb olub.
 
Bu günə kimi Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 90 qəpik, dizel yanacağının isə 60 qəpik təşkil edib.