İqtisadçı: “Hökumət dəhşətli və qorxunc müxalifətlə üzləşəcək - ac xalq!”

"Ofisimizin yaxınlığındakı şirniyyat dükanından həmişə 1,5 manata aldığım xaçapurini dünən 2 manata aldım. Axşam da benzinin bahalaşması barədə qərar verildi. Bəlkə də bəziləri bu 2 qiymət artımının əlaqəsinə güləcək. Ancaq gülməli yox, ağlamalı vəziyyətdir! Söhbət nədən gedir?”.
 
İqtisadçı Qadir İbrahimli dünən gecə Tarif Şurasının qiymətləri artırmasına "Feysbuk” hesabında belə münasibət bildirib.
 
Tarif Şurasının qərarına əsasən, yanvarın 4-dən etibarən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
 
Bu günə kimi isə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 90 qəpik, dizel yanacağının isə 60 qəpik təşkil edirdi. 
 
Q. İbrahimli Azərbaycan iqtisadiyyatının 2 əsas sektor -neft və xidmət sahələri üzərində qurulduğuna diqqət çəkib.
 
"Karantin rejimi xidmət sektorunu əhəmiyyətli dərəcədə çökdürüb. Restoran-kafelər işləmir, turizm biznesi artıq yoxdur. Xidmət sektorunun büdcə daxilomalarında ciddi problemlər yaranıb. Vergi xidməti vəziyyətdən çıxmaq üçün xidmət sektorunun işlək vəziyyətdə olan müəssislərini vergi yükünü artırıb. Sadə dillə desək, "xaçapurinin" qiymətinin 33 faiz bahalaşması da bununla bağlıdır - şirniyyat dükanının vergi yükü inzibati müdaxilə ilə artırılıb, o da vergi xərclərini qarşılamaq üçün qiymətləri qaldırıb!”
 
İqtisadçı benzin qiymətininin artırılması üçün göstərilən səbəblərlə razı deyil:
 
 "Tarif Şurasının əsaslandırması -ekoloji mühitin yaxşılaşdırması, benzin emalının modernləşməsi boş söhbətdir . Yumuşaq desək, nağıldır”. 
Onun fikrincə, hökumət  inhisarların xidmətlərini inzibati yolla artırmaqla büdcəni dodurmaq istəyir:” Birmənalı yanlış yoldur. Onsuz da sərt karantin rejimi sosial mühiti çox ağırlaşdırıb - yoxsulluğun və işsizliyin gerçək səviyyəsi xeyli artıb və artmaqda davam edir. Benzin və dizelin artması isə yeni sosial fəlakət mənbəyidir - qiymətlərin artımına təkan verəcək. Bu isə yoxsulluğu daha da artıracaq”.
 
Ekspertin sözlərinə görə, hökumət ideoloqları 9 rayonun işğaldan azad olunması üzərində qurulan qələbə təbliğatından eyforiyaya qapılmamalıdır. "Sabah uşağına süd ala bilməyən və buna görə mənəvi və həm də təbii ki, fiziki məhv olan valideyn üçün bu qələbənin dəyəri olmayacaq. Tarif Şurasının məntiqi ilə sabahdan qaz, işıq, su da bahalaşa bilər. Ancaq büdcəni xilas etməyəcək, əvəzində böyük sosial böhranın başlanğıcı olacaq - çünki vergi ödəyiciləri sürətlə yoxa çıxır...”.
 
Qadir İbrahimli çıxış yolu kimi büdcə yükünü azaltmağı təklif edib:
 
"Nə etməli? Büdcənin yükünü azaltmaq üçün lazımsız dövlət xərclərinə son qoyulmalıdır. Məsələn, bu vəziyyətdə Gömrük Komitəsinin yeni inzibati binasının tikintisinə 30 milyon manat ayırmaq nəyə lazım idi? Guya gömrükçülər çadırda işləyirdilər? Eyni zamanda başqa inzibati binaların təmir-tikinti xərcləri epedemiya başa çatana qədər dayandırılmalıdır.
 
Nəhayət, epedemiyanın büdcəyə vurduğu ziyanlar 40 milyard dollardan çox vəsaiti olan Dövlət Neft Fondu hesabına qarşılanmalıdır - camaatın cibinə girməklə yox. Ölkənin valyuta ehtiyatları epedemiya dövründən az ziyanla çıxmaq üçün yetərlidir. Yetər ki, hökumət rasional qərarlar qəbul etsin. Əks halda hökumət dəhşətli və qorxunc müxalifətlə üzləşəcək - ac xalq!”