İşğal olunmuş ərazilərə dəymiş ziyan qiymətləndiriləcək

Baş nazir sərəncam imzalayıb

Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı işçi qrupları yaradılacaq. Əvvəlcə isə dəymiş ziyan qiymətləndiriləcək.

Azərbaycanın Baş naziri Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyev də noyabrın 6-da sentyabrın 27-dən başlayan müharibə nəticəsində mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdı.

Artıq ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyasının yaradıldığı bildirilir.

Baş nazirin sərəncamına əsasən, Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu, aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu yaradılıb. Bura İqtisadiyyat nazirinin müavini, Fövqəladə hallar nazirinin müavini, Baş prokurorun müavini, Kənd Təsərrüfatı Nazirliyinin, “ASAN xidmət”in nümayəndələri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini və Maliyyə Nazirliyi Aparatının rəhbəri daxildir.

Ümumilikdə Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy rayonları və Naftalan, Gəncə, Mingəçevir şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

Bütün bunlarla bağlı vahid məlumat bazasının formalaşdırılması 2020-ci il dekabrın 10-dək təmin edilməlidir.

Bu müddət ərzində təqribən 3700 obyektə müxtəlif dərəcəli ziyan dəydiyi açıqlanıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb. Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir. Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.