İşğaldan azad edilən ərazilərin su ehtiyatlarının həcmi açıqlandı

"Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 km3-dir. Bunun 3/2 hissəsi, yəni 20.0 km3 tranzit axımın payına düşür, 10.0 km3-i isə sərhədlərimiz daxilində formalaşır”.

Bunu yanvarın 15-də Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev deyib. O bildirib ki, işğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 mln.kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir: "Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri - kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrində meyllilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər sahələrindəki suvarma sistemlərinə daxil olması, eyni zamanda, ərazidəki Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və sairə su anbarları ekoloji bərpa prosesinin sürətlənməsinə təkan verəcək”.

Alim qeyd edib ki, işğal zamanı bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyinə görə, Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunub: "Bu sular çox təmiz, yeraltı sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinın suvarılması üçün daha münasibdir".

İşğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacağına əminlik bildirən coğrafiyaçı mütəxəssis suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su ehtiyyatlarının paylanmasına və idarə olunmasına yetərincə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb ("Trend").