İsrailin hücumlarından sonra Lazikiyə limanında başlayan yanğın söndürülüb

Eastnews.org-un verdiyi  xəbərə görə, Suriyaya gecə hücumu zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Lazikiyə dəniz limanındakı konteyner sahəsinə raket zərbələri endirib.   Bu barədə çərşənbə axşamı SANA-ya əyalətin qubernatoru İsmayıl Hilal bildirib.   Onun sözlərinə görə, raket hücumu nəticəsində bir neçə konteyner yanıb. Baş verən yanğın artıq söndürülüb. Yanğının fəsadları aradan qaldırılıb.   Hilal ehtimal olunan qurbanlar və yaralananlar barədə məlumat verməyib. Bundan əvvəl Suriya hərbi mənbəsi liman ərazisinə 5 raketin atıldığını bildirmişdi. Zərbələr Aralıq dənizi üzərindəki hava məkanından endirilib.   Lazikiyə dəniz limanına endirilən raket zərbələri nəticəsində ərzaq dolu konteynerlər məhv edilib.   Qeyd edək ki, Lazikiyə limanı Rusiya Aerokosmik Qüvvələrinin Hmeymimdəki bazasından 15 km aralıda yerləşir və Suriyaya dəniz qapısı kimi xidmət edir. Onun vasitəsilə ölkəyə zəruri mallar və ərzaq məhsulları daxil olur.