İstanbulun Maltəpə bələdiyyəsi Azərbaycan ordusuna yardım göndərib

Turan informasiya agentliyinə İstanbulun Maltəpə rayon bələdiyyəsindən daxil olan məlumata görə, bələdiyyyə sədri Ali Kılıçın təşəbbüsü ilə Azərbaycan ordusuna yardım ləvazimatı göndərilib.

Toplanan yardım Azərbaycanın bu sahədəki məsul nümayəndəsinə təhvil verilib.Yardımları Azərbaycana gətirəcək yük maşını konvoyu noyabrın 10-da yola düşüb.

Azərbaycan ordusuna göndərilən yardım barədə Turan informasiya agentliyinə açıqlama verən Maltəpə bələdiyyənin  sədri Ali Kılıç deyib: “Tarix boyu problem yaratamaqdan başqa heç bir iş görə bilməyən işğalçı qonşusuna tarixi dərs verən ikinci dövlətimiz Azərbaycan  ordusunun haqlı mübarizəsində  göstərdiyi qəhrəmanlığı ən səmimi duyğularımla salamlayıram. Torpaqlarının 28 ildən bəri işğal altında olmasına qarşı səbr göstərib gözləyən və nəhayət, ən şərəfli cavabı verən Azərbaycan üçün Şuşa şəhərinin və dörd rayonun azad edilməsi həlledici qələbəyə doğru gedən yolun qısaldığını göstərir.

Haqlı mübarizəsində yanında olduğumuz Azərbaycan ordusu  əziz vətən torpaqlarını işğaldan  azad etdikcə 28 il əvvəl didərgin düşmüş soydaşlarımızın oraya qayıdaraq öz ev-eşiklərinə qovuşmaları bizi çox məmnun etməkdədir.

Türk milləti üçün öz torpağını müdaifə etmək ən müqəddəs  işdir,bunu anlamayanlar üçün tarix yenidən təkrarlanacaq və onlar  daha böyük məğlubuyyətə düçar olacaqlar.

Bütün Türkiyədə olduğu kimi İstanbulun Maltəpə rayonunun sakinlərinin ürəyi də Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri üçün çırpınmaqdadır.Bu yardımı göndərərkən Azərbaycan ordusunun yanında olduğumuzu bir daha təkrarlayır, əziz vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan mübarizədə şəhid olan əsgərlərimizə Allahdan rəhmət,yaralılarımıza isə şəfa diləyirəm”.

İxtisasca jurnalist-yazar olan Ali Kılıç 2014-cü ilin martında keçirilən  seçkidə İstanbulun ən böyük yaşayış məntəqəsi olan  Maltəpə rayonunun bələdiyyə sədri seçilib. 31 mart 2019-cu ildəki seçkidə Maltəpə rayonunun sakinləri Ali Kılıça yenidən etimad göstərərək onu  böyük səs fərqiylə bələdiyyə sədri seçiblər. 6.5 illik fəaliyyəti boyunca Ali Kılıç həmişə Azərbaycana xüsusi diqqət göstərərək münasibətlərin inkişaf etməsi üçün xeyli iş görüb. Maltəpə bələdiyyəsindən Turan informasiya agentliyinə verilən məlumata görə, Azərbaycan ordusuna bu yaxınlarda yenidən yardım yardım göndəriləcək.