Karantindən nə qalır?

Koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejimi qismən yumşaldılıb. Yanvarın 25-dən ticarət obyektləri (iri ticarət mərkəzləri istisna olmaqla), bərbərxanalar, gözəllik salonları, kosmetik xidmət məkanları, muzey və sərgi zalları işə düşüb, bütün bölgələr arasında gediş-gəliş bərpa edilib.

İctimai iaşə obyektləri fevralın 1-də açılacaq.

Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili də nəzərdə tutulur. Nazirlər Kabineti Təhsil Nazirliyinə prosesi təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin etməyi tapşırıb. Tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də eyni qərarlar qəbul edə bilər.

Azərbaycanda təhsil müəssisələri 2020-ci il martın 3-dən qapadılıb. Həmin il sentyabrın 15-dən başlayaraq təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələlərlə əyani formaya qaytarılıb. Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il qərarı ilə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya keçirilib.

Xüsusi karantin rejimi 2020-ci il martın 31-dən tətbiq olunur, bu il aprelin 1-dək qüvvədə olmalıdır.

Novator.az bildirir ki, hazırda əsas qadağalar bunlardır:

– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;

– ölkənin şəhər və rayonlarından sərnişin daşınması;

– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;

– dəfn mərasimləri istisna olmaqla yas mərasimləri;

– kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır);

– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;

– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;

– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;

– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;

– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

– masaj və hamam xidmətlərinin göstərilməsi;

– şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti;

– Bakı Metropolitenində sərnişindaşıma.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, bu il yanvarın 25-dək 3082 xəstə vəfat edib.