Kreml: "Azərbaycana hərbçi göndərmək Türkiyənin daxili məsələsidir"

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Türkiyənin Azərbaycana hərbi kontingent göndərmək planını şərh edib.

 

Jurnalistlərə açıqlama verən Peskov deyib ki, Türkiyə parlamentinin prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı əsasında Azərbaycana hərbi kontingent göndərmək məsələsinə baxması daxili məsələdir ("RİA Novosti", 16 noyabr).

 

"İş burasındadır ki, Azərbaycanda monitorinq mərkəzi fəaliyyət göstərəcək, ora türk hərbçilər göndərilməlidir - bu daxili prosedurların həyata keçirilməsidir və bu prosedurlar Türkiyə Respublikasnın daxili qanunvericiliyi ilə nizamlanır. Yəni bu, Türkiyənin daxili məsələsidir", - deyə Peskov açıqlamasında bildirib. 

 

Kreml rəsmisi açıqlamasında Azərbaycan ərazisində Rusiya-Türkiyə müştərək monitorinq mərkəzinin yaradılması məsələsinə də toxunub. "Buna qaldıqda isə, bu barədə Rusiya və Türkiyə arasında ikitərəfli razılıq əldə olunub", - deyə Peskov vurğulayıb. 

 

Noyabrın 16-da Türkiyənin Azərbaycana hərbi kontingent göndərməsi ilə bağlı Prezident Administrasiyasında hazırlanan qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib. Hərbi kontingentin Azərbaycana 1 il müddətində Rusiya-Türkiyə birgə monitorinq mərkəzində xidmət göstərmək üçün göndəriləcəyi bildirilir.